Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin Braziliyadakı səfirliyi və Braziliya Bankının Mədəniyyət Mərkəzi (Centro Cultural Baco do Brasil) bu ölkədə milli filmlərimizin nümayişini təşkil edib.
Azərbaycan bədii filmləri paytaxt Braziliyada (6-11 avqust), Rio de Janeyro (14-19 avqust) və San Paolo (4-8 sentyabr) şəhərlərində göstərilib.
Nümayiş olunan "40-cı qapı", "Sahə", "Buta", "Niyyət", "Girov", "İlahi məxluq" filmləri Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən portuqal dilində subtitrləşdirilib, həmçinin C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən təqdim olunmuş video və foto materiallar əsasında proqramlar, poster və bannerlər hazırlanıb.
Tanınmış rejissor, Xalq artisti Eldar Quliyevin Qarabağ münaqişəsindən bəhs edən "Girov" bədii filminin hər üç şəhərdə nümayişindən sonra Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanovla tamaşaçıların görüşləri keçirilib. Səfir Azərbaycanın tarixi, mədəniyyəti, kinosu, habelə müasir inkişafı, beynəlxalq və regional müstəvidə oynadığı rol, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Azərbaycan-Braziliya əlaqələri barədə görüş iştirakçılarına məlumat verib. Tədbirlər zamanı "İRS-Herança" jurnalının portuqal dilində ilk nəşri, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə nəşr olunmuş "Azərbaycan Avrasiyanın ürəyində" adlı buklet, tarix və mədəniyyətimizlə bağlı digər materiallar iştirakçılara paylanıb.