Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında milli opera sənətinin şah əsəri olan “Koroğlu” operası oynanılacaq. Üzeyir bəyin son operasının budəfəki nümayişi dahi sənətkar, SSRİ Xalq rəssamı, dövlət mükafatları laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr olunur. Uzun illərdir ki, “Koroğlu” operası Tahir Salahovun səhnə tərtibatında oynanılır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Yubiley münasibətilə oynanılacaq tamaşada titul partiyanı əməkdar artist Fərid Əliyev ifa edəcək. Digər rollarda xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı), Fidan Hacıyeva (Xanəndə qız), əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan), Əliəhməd İbrahimov (Təlxək), Tural Ağasıyev (Həmzə), solistlər Taleh Yəhyayev (Ehsan paşa), Fəhmin Əhmədli (Vəzir), Nurlan Namazov (Vəli) və b. çıxış edəcəklər. Opera tamaşasını teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

 

Musiqili teatrda “Çarəsiz sərnişinlər”

 

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın hazırlanmasına başlanılıb. Tanınmış bolqar yazıçısı Stanislav Stratiyevin “Avtobus” pyesi əsasında hazırlanan “Çarəsiz sərnişinlər” tamaşasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Bu, ötən mövsümdəki “Nuri-didə Ceyhun” tamaşasından sonra M.Ələkbərzadənin Musiqili teatrda ikinci işidir.

Tamaşa alleqorik, ekssentrik, yaxud təxəyyül komediyası elementlərinin toplusu kimi nəzərdə tutulur. “Çarəsiz sərnişinlər”in süjet xətti  kimi janrı da qeyri-adidir. Tamaşa liderşpil (almanca “lied” – mahnı, “spiel” – pyes, oyun)  janrında səhnəyə hazırlanır.

Əsərdə hadisələr  avtobusda baş verir. Yol gedərkən yaranmış ekstremal situasiyaya düşən insanların iç üzü açılır, kimin kim olduğu bilinir. Sərxoş sürücünün idarə etdiyi, hara getdiyi bilinməyən avtobusdakı sərnişinlər artıq bir məqsədi güdürlər: sağ qalmaq. “Yolçuluq”, “Sərxoş gecə”, “Çıxış yolu” adı verilmiş 3 hissəli tamaşa arxetiplərin yığıncağına çevrilir. 

Tamaşada bir özəllik də budur ki, teatrın orkestrində çalışan musiqiçilər orkestr çökəyində əyləşib çalmayacaqlar, onlar da tamaşanın aktyorları kimi səhnəyə çıxacaqlar.

Səhnə əsərində Xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər Əzizağa Əzizov, Ələkbər Əliyev, Şövqi Hüseynov, Əkbər Əlizadə və başqaları rol alıblar. Tamaşanın musiqi tərtibçisi və quruluşçu dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

 

Yubilyar rəssamın şərəfinə “Koroğlu” oynanılacaq

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İranın Təbriz şəhərində keçirilən “Əlif” Beynəlxalq teatr festivalında ölkəmizi təmsil edir. Festivala Əməkdar artist Şövqi Hüseynovun oynadığı “Dəlinin qeydləri” monotamaşası aparılıb.

Rus yazıçısı Nikolay Qoqolun əsəri əsasında Xalq artisti, rejissor Cənnət Səlimovanın quruluş verdiyi tamaşa indiyədək bir çox xarici ölkələrdə beynəlxalq festivallarda uğurla iştirak edib. Tamaşanın rəssamı Lətifə Quluzadədir. Aksenti İvanoviç rolunu Əməkdar artist Şövqi Hüseynov canlandırır.

Səhnə əsərində “kiçik adam” (Aksenti İvanoviç Poprişşin) təxəyyülündə yaratdığı, real olmayan dünyasında sosial bərabərsizliyi məhv etməyə çalışır. Alfred Şnitkenin musiqisi bu əsarətdən qurtulmaq ağrısını daha da təsirli ifadə edir.

Festival noyabrın 24-dək davam edəcək.