Noyabrın 20-də Nyu-Yorkda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin təqdimatı olub. Nazirlər Konfransında BMT-nin baş katibi, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi və üzv ölkələrdən yüksək səviyyəli rəsmilər iştirak ediblər.

Konfransda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev müasir dünyada gedən proseslər, ölkəmizin dünya miqyasında mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa verdiyi töhfələr, həyata keçirdiyi layihələr barədə danışıb.

Nazir çıxışında Azərbaycan  Respublikasının Prezidenti tərəfindən 2008-ci ildə “Bakı Prosesi”, 2010-cu ildə isə BMT-nin Baş Assambleyasında Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün irəli sürüldüyünü bildirib.

Diqqətə çatdırılıb ki, bu gün “Bakı Prosesi” BMT-nin dörd ixtisaslaşmış beynəlxalq təşkilatının tərəfdaşlıq etdiyi yeganə platformadır və bu fakt 2017-ci ildə BMT-nin baş katibi tərəfindən xüsusi qeyd edilib və ötən ilin dekabr ayında BMT tərəfindən qəbul edilmiş qətnamədə əks olunub.

Daha sonra “Bakı Prosesi”nin 10 illik yubileyinə həsr olunan film nümayiş etdirilib.

 

BMT baş katibinin terrorizmlə mübarizə məsələləri üzrə müavini ilə görüş

 

Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT baş katibinin terrorizmlə mübarizə məsələləri üzrə müavini Vladimir Voronkovla görüşüb.

Görüşdə terrorizmə yol açan ekstremizm, irqçilik, ksenofobiya ilə mübarizə məqsədilə mədəniyyətlər və dinlərarası dialoqun vacibliyi, “Bakı Prosesi”nin əhəmiyyəti, həmçinin bu istiqamətdə Azərbaycanın müsbət təcrübəsinin də BMT-nin fəaliyyətinə töhfə verdiyi qeyd edilib.

Görüş zamanı 2019-cu ildə Bakıda keçiriləcək 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində terrorizmi yaradan səbəblərin aradan qaldırılması ilə bağlı birgə panelin təşkili təklif olunub. Nazir bildirib ki, bununla bağlı digər beynəlxalq tərəfdaşlarla birgə müzakirə aparılacaq və bu mövzu forumun proqramında nəzərə alınacaq.

 

Dialoq Forumunun BMT-nin televiziya və internet kanalı vasitəsilə yayımı müzakirə olunub

 

Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorka səfəri çərçivəsində BMT baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Alison Smeyl ilə görüşüb.

Görüşdə nazir BMT-nin Qlobal kommunikasiyalar üzrə departamentinin 2017-ci ildə Bakıda keçirilən 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin televiziya və internet kanalı vasitəsilə yayımını təşkil etdiyinə görə minnətdarlığını bildirib və bunun forumun, müzakirə edilən məsələlərin bütün dünyanın diqqətinə çatdırılması üçün qlobal məlumat platforması yaratdığını qeyd edib.

Xanım Alison Smeyl öz növbəsində Azərbaycanla əməkdaşlıq etməkdən məmnun  olduqlarını və gələcəkdə bu əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirib.

Daha sonra 2019-cu ildə Bakıda keçiriləcək 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun da BMT-nin televiziya və internet kanalı vasitəsilə canlı yayımının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.