Azərbaycan Prezidentinin Türkmənistana rəsmi səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair 20 sənəd imzalanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21-22 noyabr tarixində Türkmənistanda rəsmi səfərdə olub. Səfər iki Xəzəryanı qonşu və dost ölkənin çoxsahəli əməkdaşlığının möhkəmləndirilməsi baxımından mühüm sənədlərin imzalanması ilə yadda qalıb.
* * *
Dövlət başçısı səfərin birinci günü Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib, Türkmən Milli Xalça Muzeyi və Olimpiya Kompleksi ilə tanış olub.
“Xalq xatirəsi” memorial kompleksində Aşqabadda 1948-ci ildə baş vermiş zəlzələ zamanı həyatlarını itirmiş və 1881-ci ildə rus ordusunun Göytəpə qalasına hücumu zamanı şəhid olmuş türkmənlərin xatirəsinə abidələr ucaldılıb.
Dövlət başçısı “Vətən müqəddəsliyi” muzeyi ilə tanış olub. Muzeydə Göytəpə döyüşlərinin maket-instalyasiyası quraşdırılıb, eyni zamanda, Göytəpə qalası, həmin döyüşlərin qəhrəmanları, döyüşlər zamanı istifadə olunan silah və libaslar nümayiş olunur.
Qeyd edək ki, Göytəpə döyüşləri ümumilikdə iki ilə yaxın (1880-1881) davam edib və bu qala alındıqdan sonra çar Rusiyasının Xəzərin o tayında tam hökmranlığı bərqərar olub. Türkmənistan müstəqilliyini bərpa edəndən sonra Göytəpə qalası dövlət tarix-mədəniyyət qoruğu elan edilib.
* * *
Türkmən Milli Xalça Muzeyi 1993-cü ildə yaradılıb. Məqsəd Türkmənistanın xalçaçılıq sənətini qorumaq və inkişaf etdirməkdir. Burada muzeylə yanaşı, “Türkmənxalı” Dövlət Birliyinin inzibati binası da yerləşir. Muzey binasının ümumi sahəsi 5 min kvadratmetrdən çoxdur. Burada 2 mindən çox xalça nümunəsi toplanılıb. Onların sırasında nadir eksponatlar da var. Muzeydə miniatür xalça nümunələri ilə bərabər, əl ilə toxunan ən böyük xalça kimi “Ginnesin rekordlar kitabı”na düşmüş ümumi sahəsi 301 kvadratmetr olan “Altın asır” xalçası da nümayiş etdirilir. Bu böyük xalça Türkmənistanın müstəqilliyini bərpa etməsinin 10 illiyi münasibətilə toxunulub.
* * *
Aşqabad Olimpiya Kompleksinin ümumi ərazisi 157 hektardır. 2017-ci ildə qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları burada keçirilib. Kompleksdə ümumilikdə 30-dan çox müxtəlif təyinatlı idman qurğusu, həmçinin 45 min tamaşaçı tutumu olan Olimpiya stadionu yerləşir.
* * *
Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub. Sonra dövlət başçılarının təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş görüşləri keçirilib.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.
Prezidentlər Birgə bəyanat imzalayıblar. Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 20 sənəd imzalanıb. Onların arasında Azərbaycan və Türkmənistan hökumətləri arasında “2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”, eləcə də nəqliyyat və ticarət-iqtisadi sahələr üzrə əməkdaşlıq proqramları var. Bundan əlavə, sazişlər dəmir yolu nəqliyyatı və tranzit məsələləri, dəniz ticarət gəmiçiliyinin inkişafı, Bakı və Türkmənbaşı beynəlxalq dəniz limanları arasında avtomatlaşdırılmış informasiya mübadiləsi, beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi və digər məsələləri əhatə edir. Eləcə də Azərbaycanın ADA Universiteti ilə Türkmənistanın Beynəlxalq Münasibətlər İnstitutu, Humanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında, AMEA ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıqla bağlı sənədlər imzalanıb.
Sənədlərin imzalanmasından sonra dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycan Prezidenti səfərin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, biz ikitərəfli və regional əməkdaşlıq üçün mühüm məsələləri həll etdik: “Hesab edirəm ki, səfər bizim gələcək qarşılıqlı fəaliyyətimiz, Türkmənistanla Azərbaycan arasında ənənəvi qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edəcək, regionumuzun ölkələri arasında yeni daha yaxşı şərait yaradacaq”.
Prezident Qurbanqulu Berdiməhəmmədov bildirib ki, xalqlarımız vahid köklərə, adət-ənənələrə malikdir. O, iki xalqın mədəni irsində xalçaçılığın mühüm yeri olduğunu diqqətə çatdıraraq deyib ki, Türkmənistan və Azərbaycan xalçaları bütün dünyada məşhurdur: “Biz bu fikrə gəldik ki, həm Türkmənistanda, həm də Azərbaycanda xalça sərgisi təşkil etmək, həmçinin gələcəkdə beynəlxalq konfransın keçirilməsi haqqında düşünmək yaxşı olardı”.