Abdulla Şaiqin mənzil-muzeyində Mikayıl Müşfiqin 110 illiyi münasibətilə noyabrın 27-də tədbir keçirilib.
Muzeyin direktoru Ülkər Talıbzadə, filologiya üzrə fəlsəfə doktoru Lütviyyə Əsgərzadə, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıblar.
54 saylı məktəbin şagirdləri Mikayıl Müşfiqin yaradıcılığı ilə bağlı bədii hissə təqdim ediblər.
* * *
Noyabrın 26-da isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə M.S.Ordubadinin xatirə muzeyində görkəmli yazıçı, dramaturq, ssenarist İmran Qasımovun 100 illik yubileyinə həsr olunan gecə keçirilib.
Tədbirdə Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, Xalq yazıçısı Çingiz Abdullayev, xalq artistləri Tariyel Qasımov, Natəvan Şeyxova, Lyudmila Duxovnaya, Əməkdar artist Şəfəq Əliyeva, teatrşünas Çingiz Ələsgərli və başqaları İmran Qasımov yaradıcılığı və onun Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verdiyi töhfələr haqqında söz açıblar. Bildirilib ki, İmran Qasımov nasir, dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii irsə malikdir. Onun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. “Onun böyük ürəyi”, “İnsan məskən salır” və s. filmlər bu gün də sevilərək baxılır.