Ceyms Barrinin hələ ötən əsrin əvvəlində Avropada məşhurlaşdırdığı Piter Pen adlı qoçaq qəhrəmanın biz tərəflərə gəlişi nədənsə çox gecikib. Son mövsümlərdə Musiqili teatrın afişasında onun adını görsək də, nədənsə “Bremen musiqiçiləri və Pen” tamaşası o qədər də uğur qazanmadı: ya bremenli musiqiçilər Piter Peni kölgədə qoydular, ya da Piter Pen səhnəni onlarla paylaşmaq istəmədi. Odur ki, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Piter Penin peyda olduğunu bilincə, fürsəti qaçırmadıq...
Teatrda öyrəndik ki, hələlik səhnə məşqləri başlamayıb, heyət yuxarıdakı güzgülü zaldadır. Bəli, güzgülü zalda! Kukla tamaşasının əsas məşqi bu zalda keçir. Çünki kuklaçı-aktyor oynatdığı kuklanın hərəkətlərini güzgüdən görməlidir ki, onun salondan necə göründüyünə arxayın olsun. Axı, salondakılar səni yox, sənin əlindəkiləri görəcəklər, gərək əllərinin də dilinə qoşulub danışdığı nağıl inandırıcı, maraqlı olsun.
Qapını sakitcə açıb içəri keçirik. El dilindəki “söz vaxtına çəkər” ifadəsi necə də yerinə düşərmiş. Çünki biz Piterin Vendiyə həmişə uşaq olaraq qalacağı barədə sirrini açdığı səhnənin şahidi oluruq. Aktyor Elnur Abasquliyev həmkarı Elgün Həmidov ilə Piteri hərəkətə gətirir, onun əvəzinə danışır. Aktrisa Səriyyə Mansurova da balaca qardaşını Kapitan Qarmağın adamları oğurladığı üçün qüssəyə batmış Vendinin kədərini səsinə köçürüb Piterlə söhbət edir.
- Gəl, sənə bir sirr açım.
- Eşidirəm.
- Mən hər zaman uşaq olaraq qalacağam.
- Hiii…
- Mən heç zaman böyüməyəcəyəm!.. Uşaq olaraq qalacağam!
- Bu ki çox kədərlidir?..
- Əksinə, bu, çox sevindirici haldır!.. Hər zaman oynamaq, gülmək, sevinmək! Məgər, bu, kədərlidir?
Bu yerdə tamaşanın quruluşçu rejissoru Anar Məmmədov aktyorların işinə düzəliş edir:
- Bax, Elnur, bu yerdə Elgün sənə kömək edir, Piteri Səriyyənin arxasından uçurub sol tərəfə keçirsən, Piter də başını əyib Vendinin üzünə baxır. Bu yeri bir də təzədən keçək.
...Səhnə bir neçə dəfə təkrarlanır. Ta ki, kuklaların hərəkəti tam cilalana, mizanlar dolğunlaşanadək. Çox keçmir ki, Piterlə Vendinin söhbətinə Din adlı pəri də qoşulur. Piterin köhnə dostu Din Vendiyə ürək-dirək verir, Piterlə ona uçmaq öyrədirlər. Axı, Vendi Darlinq böyük bacı kimi qardaşı üçün narahatdır, onu xilas etməlidir. Amma Kapitan Qarmağın oğurlatdığı Conun saxlanıldığı Yoxlandiya ölkəsinə yalnız uçaraq getmək olar. Vendi isə uça bilmir. Həmişə əhvalı xoş olan Piter bunun da çarəsini tapır: Vendi ürəyində arzu tutmalıdır, üstünə də pəri Dinin zərli tozundan bir qədər götürüb səpir və… Vendi uçmağa başlayır. Vəssalam, bu qədər sadə.
Xəyalları gerçək, ağlasığmaz arzuları çin edən kuklalar aləmində hər şey sadədir. Bircə geniş seyrçi kütləsinin şahidi olmadığı tamaşaya hazırlıq, məşq proseslərindən başqa.
Fasilədən istifadə edib quruluşçu rejissor Anar Məmmədovla söhbət edirik:
- Hamımız uşaq olanda böyüməyə tələsirik. Ədəbi, nağıl qəhrəmanları içində böyümək istəməyən yeganə uşaq Piter Pendir. Düşündüm ki, bizim teatrda belə bir qəhrəmana ehtiyac var. Biz bu tamaşa ilə öz tamaşaçılarımıza ismarış yollayırıq ki, böyüməyə tələsməyin. Uşaq olmağın həzzini yaşayın.
- Tamaşa barədə nə deyə bilərsiniz?
- Masaarxası məşqlərdə də aktyorlarla müzakirəmizdə belə qərara gəldik ki, bu tamaşada Kapitan Qarmaqdan başqa pis, mənfi qəhrəman yoxdur, hətta onun dəstəsindəki quldurlar belə əsl quldur xarakterində deyillər, sadəcə, düşdükləri vəziyyət onları uşaq oğurlamağa vadar edib. Tamaşada konfliktin alınması üçün onlar belə etməlidir. Yəni onların taleyi belə gətirib.
- Bəs bu tamaşanın valideynlərə ismarışı nədir?
- Piter Pen balaca Conu xilas edəndə o, evə qayıtmaq istəmir. Ondan niyəsini soruşanda da cavab verir ki, evdə mənə çox şeyi qadağan edirlər, kapitan isə istədiyim qədər şokolad yeməyə, onun tapançasından güllə atmağa icazə verir, burda heç kim mənə gonbul demir. Biz də valideynlərə demək istəyirik ki, övladlarınızı çox sıxmayın, imkan verin, öz uşaqlıqlarını yaşasınlar. Fikir verirsinizsə, bu gün uşaqlar bir-birilə evdə, həyətdə, parkda, demək olar ki, oynamırlar, dərs, idman məşğələsi, musiqi dərsi, onlar da olmayanda telefon, planşet uşaqların uşaqlığını əlindən alır.
* * *
Düzdür, silah nəinki uşaqlar, heç böyüklər üçün də arzulanan oyuncaq olmasa da, çox şokolad yemək də zərərli vərdiş olsa da, “Piter Pen” tamaşasının yaradıcı heyəti bir məqamda haqlıdır: hər bir uşaq öz uşaq həyatını doya-doya yaşamalıdır.
Dekabrın sonunadək təhvil verilməsi nəzərdə tutulan tamaşanın quruluşçu rəssamı Əfşan Əsədova, tərcümə mətninin və səhnə variantının müəllifi isə quruluşçu rejissor Anar Məmmədovdur. Tamaşada aktyorlar Elmira Hüseynova, Rəhilə İbadova, Səriyyə Mansurova, Elnur Abasquliyev, Cavid Telman, Elgün Həmidov və başqaları məşğuldur.
Afişaları izləyin, böyümək istəməyən oğlan gələn aydan Kukla teatrında sizi gözləyəcək.
Gülcahan MİRMƏMMƏD