Ötən ay oxucularla görüşə gələn və ilk sayından böyük maraq doğuran “Mədəniyyət”in “Afişa” əlavəsinin növbəti – dekabr buraxılışı çapdan çıxıb.
Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanaraq nəşr olunan və pulsuz yayılan “Afişa” əlavəsində Bakı şəhərindəki teatr və konsert müəssisələrinin aylıq repertuarı, sərgi salonlarının, kino nümayişi mərkəzlərinin afişası ətraflı şəkildə oxuculara təqdim olunur. Nəşrdə teatr tamaşaları, konsertlər, filmlər və sərgilərin yeri, günü, saatı barədə məlumatlarla bərabər, onların bəziləri haqqında (mövzusu, yaradıcı kollektiv və s.) qısa yazılar, anons-informasiyalar, fotolar da verilib.
“Mədəniyyət+Afişa”nın bu sayında da paytaxtın mədəniyyət məkanlarını maksimum əhatə etməyə çalışmışıq. Nəşrdə Akademik Milli Dram, Akademik Opera və Balet, Musiqili, Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Pantomima, Yuğ teatrları, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Kamera və Orqan Musiqisi Zalı, Dövlət Mahnı Teatrı, Bakı Dövlət Sirki, Nizami Kino Mərkəzi, “Cinema Plus” və “Park Cinema” kinoteatrları, eləcə də sərgi qalereyalarında tamaşaçıları gözləyən ən müxtəlif tədbirlər əks olunub. Həmçinin hər bir mədəniyyət ocağının ünvanı, telefon nömrələri qeyd olunub.
Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan “Afişa” əlavəsində hər kəs Bakı şəhərində öz zövqünə, maraq dairəsinə, ən əsası isə, istədiyi günə, saata uyğun tamaşa, film, sərgi, konsert və s. tapa, vaxtını mənalı və səmərəli dəyərləndirə bilər.
Qeyd edək ki, “Mədəniyyət+Afişa” Mədəniyyət Nazirliyinin və “ASAN Xidmət”in dəstəyi ilə paytaxtın müxtəlif məkanlarında yayılır. Nəşrin dekabr buraxılışını Bakı şəhəri üzrə afişa və repertuarı əhatə olunmuş bütün mədəniyyət ocaqlarında, həmçinin paytaxtdakı “ASAN Xidmət” mərkəzlərində pulsuz əldə etmək olar.
Nəşrin məqsədi Bakı sakinlərini, eləcə də şəhərə gələn qonaqları mədəniyyət ocaqlarının fəaliyyəti barədə məlumatlandırmaq, həmin məkanlara marağı daha da artırmaq, əhalinin mədəni istirahətinin daha dolğun təşkili üçün mədəniyyət müəssisələrinin fəaliyyətinə informasiya dəstəyi verməkdir.