Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyata keçirdiyi “Xəzər dənizi” kino layihəsinin qalibləri müəyyən edilib.
Müsabiqə çərçivəsində gənc rejissorlar Xəzər dənizi mövzusunda tammetrajlı film layihələrini təqdim ediblər. Kinostudiyadan verilən məlumata görə, müsabiqəyə fərdi, yaxud yaradıcı qrup olaraq 10-dan çox layihə təqdim olunub.
Layihənin pitçinq mərhələsində ssenarilərin qiymətləndirilməsi üçün ölkəyə əcnəbi prodüser və mütəxəssislər dəvət olunub: Guillaume de Seille (Fransa), Briggita Manthey (Almaniya), Stanimira Staleva (Bolqarıstan), Anna Gudkova (Rusiya).
Pitçinq prosesinin mahiyyəti layihə müəllifi (rejissor, ssenarist) ilə prodüser arasında birbaşa əlaqə yaratmaqdan ibarətdir. Müəyyən olunmuş zaman çərçivəsində müəllif öz ssenarisini təqdim edir və sonra ssenari təhlil edilir, zəif məqamlar və təkmilləşməyə ehtiyac duyulan hissələr qeyd olunur.
Qeyd etmək lazımdır ki, bu praktika beynəlxalq kino bazarına rəqabətə davamlı film layihələrinin təqdim edilməsi üçün geniş tətbiq olunur. “Xəzər dənizi” layihəsinin başlıca məqsədi də gənclərdə məhz bu bacarıqların inkişaf etdirilməsidir.
Münsiflər heyəti sonda bütün ssenariləri qiymətləndirərək fərqlənən üç layihəni elan edib: Teymur İsmayılov - "Xilasedici”, Elvin Adıgözəl - "Adsız hekayə", Əli Həsənov - "Akkordeon". Müsabiqədənkənar iştirakçı Azad Heydərovun "Nuhun gəmisi" layihəsi xüsusi qeyd olunub.
Lalə Azəri