Moskvada UNESCO ilə rəsmi tərəfdaşlıq edən Qeyri-Hökumət Təşkilatlarının (QHT) beynəlxalq forumu keçirilib. “Bəşəriyyətin ortaq faydası üçün elm” mövzusuna həsr olunan forumda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Fazil Qasımov iştirak edib.
Forumun açılışında UNESCO baş direktorunun müavini Qu Xing, Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. S.Lavrov 51 ölkədən alimlərin, vətəndaş hərəkatı rəhbərlərinin qatıldığı forumun xalqlar arasında qarşılıqlı anlayış və inam mühitini gücləndirməyə töhfə verəcəyini bildirib. İki gün davam edən forumda plenar sessiyalar, seminarlar keçirilib.
Fazil Qasımov forumda çıxışı zamanı UNESCO ilə Azərbaycanın folklorşünas alimləri arasında körpü qurmağa səy göstərdiyini diqqətə çatdıraraq təmsil etdiyi ictimai birliyin folklor irsinin öyrənilməsi sahəsində beynəlxalq layihələrdə iştirakından bəhs edib.