100 illik yubileyi qeyd olunan Gülxar Həsənovanın əziz xatirəsinə

 

İlk tanışlıq…

 

Uşaqlığımın fraqmentar yaddaşındakı yarımçıq xatirələrdən biri: anamın bütün nömrələrini saxladığı “Azərbaycan qadını” jurnalında bir yazı dərc olunub. Yazının böyründə jurnal boyu uzun saçlarını babetta düzümündə toplamış yaraşıqlı qadının şəkli verilib. Əlində də enli, gözoxşayan bilərzik var. Yazıdan da belə məlum olur ki, həmin qızıl bilərzik ona Üzeyir bəyin hədiyyəsidir. “Leyli və Məcnun” tamaşasında Leyli rolunda səhnəyə çıxanda hədiyyə edib. Artıq İbn Səlamın zövcəsi olan Leylinin görkəmindəki yoxsulluq hiss olunmasın deyə, Üzeyir bəy o bilərziyi ifaçıya bağışlayır ki, tamaşa zamanı taxsın və ondan… yadigar qalsın.

Düzdür, yaşım az olsa da, Üzeyir Hacıbəylinin kimliyindən, Azərbaycan tarixindəki yerindən xəbərdar idim. Amma Gülxar Həsənovanı həmin müsahibə ilə tanıdım. Çox sonralar biləcəkdim ki, həmin bilərzik məsələsi niyə görə o zaman aktualmış…

Gülxar Həsənovanın Leylini oynayacağı operanın növbəti quruluşunu Soltan Dadaşova tapşırırlar. Soltan müəllim də Leyli ilə Məcnunun səhrada görüş səhnəsində titul personajların əllərini bir-birinə uzatdıqları zaman istəyir ki, ərəb qayda-qanunlarına görə, yalnız ailəli qadınların taxdığı enli bilərzikdən Leylinin də biləyində olsun və Məcnun həmin bilərziyi görəndə diksinib ondan aralansın, “get, get, sən Leyli deyilsən, ey pərizad!..” oxusun. Yəni salonda əyləşmiş üç yüz nəfərdən bəlkə də bir-iki nəfərin bildiyi xırda detala bu qədər incə yanaşma. 

…İllər sonra Gülxar xanımı yaxından çox görəcəkdim, onunla həmsöhbət olacaqdım, amma bilərzik söhbətinə marağımın yanlış anlaşılacağından çəkinəcəkdim deyə, Üzeyir bəyin bəxşişindən söz salmayacaqdım. Həm də bizim nəsil muğam operasına maraq göstərən yaşına yetişəndə artıq Gülxar xanım teatrda yalnız Leylinin anasını, Ərəbzəngini oynayırdı, üstəlik, “Leyli və Məcnun” da başqa quruluşda göstərilirdi.

…Hər halda mən onu həmin babetta saç düzümü və bilərzik söhbəti ilə tanıyıb yadımda saxlamışdım.

 

Həyat (və) səhnə(sin)də məhəbbət

 

Gülxar Həsənovanın dünyaya gəldiyi, böyüdüyü, qızlar bulağından su içdiyi çağlarda ucaboy, yaraşıqlı, şirindilli növrəstələr üçün “əsl səhnə görkəmi var” demirdilər. Eləcə deyirdilər ki, bir evin yaraşığı, dosta qismət olmalı qızdır…  Onun həyatında isə bütün bunlar olacaqdı… Təkcə bunlarmı?

Hələliksə, Gülxar yeniyetmə, diribaş qızdır. Həkim olmaq arzusu ilə Şəmkirin Bayramlı kəndindən Bakıya gəlib, Tibb Texnikumuna daxil olur. Tələbə yoldaşlarına qoşulub Əli Bayramov klubuna gedir, ansamblda oxuyur, teatr dərnəyində məşğul olur. Bir sözlə, ötən əsrin otuzuncu illərindəki şəhərli gənclər asudə vaxtlarını necə keçirirlərsə, tələbə Gülxar Sultanova (!) da onlardan geri qalmır. Texnikumu bitirib Tibb İnstitutuna daxil olur. Bəs necə? Özü də, ata-anası da onu həkim görmək istəyir axı… Amma olmayanda olmur. Repressiya qurbanı olan Həmid Sultanovla onun həyat yoldaşı Ayna Sultanovanın qohumu olmaq Gülxarın biliyi və qəlbi ilə xəstələrə məlhəm edəcək həkimlik arzusunun üstündən xətt çəkir: institutdan xaric edilir.

Əli Bayramov klubunda ona çıxış yolu göstərirlər: kənddən özünə təzə “yaş kağızı” gətir, pasportunu dəyiş. O yaraşıqlı gənc aktyor var ha, özfəaliyyət dərnəyindəkilərlə məşğul olan Ağadadaşı deyirik, əmisi “pasport stol”un böyüyüdür, sənə başqa soyadla sənəd düzəldər, izi birtəhər itirərik. Onsuz da mavi gözləri can alan, dodağının ucunda gülümsəməyi bacaran Gülxardan Ağadadaşın xoşu gəlir. Bəlkə də Ağadadaşdan olsaydı, Gülxarın soyadını birbaşa Qurbanova yazdırardı. Amma hələ tezdir…

Gülxarın içindəsə elə bir təhsil almaq eşqi var ki!.. Həm də fəhmlə anlayır ki, onun seçimi sənət olmalıdır, həm bacarığı, qabiliyyəti o sahəyədir, həm də teatr aləmində onun Sultanovlardan olmağı çətin ki yoluna çəpər çəkər. Hərçənd bu seçim ona valideynlərdən küsülülük, evində qaldığı xalasından aralanıb yataqxanaya yığışmaq bahasına başa gəlir.

Gülxar xanım ahıl çağlarında xatırlayardı ki, Ağadadaşla ailə qurandan sonra tamaşalarda sevən cütlük rollarını rejissorlar onlara həvəslə verirmişlər. Hamı bilirdi ki, bu iki yaraşıqlı cavan sənətçi evlidir, süjetdən irəli gələn qucaqlaşıb öpüşmək səhnəsini oynamaq onlara çətin deyil.

Amma xoşbəxtliyin bu üzünü hər kəsə göstərmək lazım idimi? Yəqin ki o zaman sevənləri dəstə-dəstə olan yaraşıqlı Ağadadaşa, pərəstişkarları teatrın qapısını kəsdirən gözəl Gülxara kimsə öyüd verməmişdi ki, xoşbəxtlik dinməzliyi sevir, aşkarlığı yox.

Elə həmin pərəstişkarlardan biri də Gülxarın ailəsini dağıdır. Gənc aktrisa qürurunu qırmayıb balası ilə birlikdə ər evini tərk edir.

… Pərəstişkarlar hər ikisindən əl çəkmir. Gülxar hər kəsə “yox” deyib qadınlıq qismətindəki yar eşqini səhnə məhəbbətinə, analıq, pedaqoqluq sevgisinə çevirir. Ağadadaş isə evlənir. Ta qədimdən kişilərin sevgi anlayışına yüklədikləri məzmun qadınlarınkından fərqli olub.

 

“Sönməyən ulduzlar”ın işığı

 

Gənc aktrisa Gülxar Həsənovanın səsinin kəşfi barədə nə onun haqqında təkəmseyrək yazılarda, nə də videolentlərdə doğru-düzgün məlumat var. Yəqin günahın bir ucu mənə də çatır. Detallara varıb soruşmamışdım ki, Üzeyir bəy səsinizi harda eşitdi, operada necə işə başladınız? Oxumaq, xanəndəlik bir yana, muğamatı dərinliyinədək kimdən öyrəndiniz ki, özünüz də cavanlara öyrətməyə başladınız? Əslində, öyrənmək-öyrətmək istəyi onun canında vardı. Elə olmasaydı, oğlu Hamlet ilə təxminən eyni illərdə o zamankı  Azərbaycan Dövlət Universitetində təhsil almağa həvəslənməzdi.

Gülxar xanımın Əslisindən, Leylisindən, Ərəbzəngisindən çox yazıblar, özünün də xeyli xatirəsi var bu haqda. Dramatik aktrisalıq stajı opera teatrında faciə obrazlarını yaradarkən də köməyinə çatıb. Hətta uzun illər onun nə vaxtsa dramatik teatrda rollar oynadığı da yaddan çıxıb. Odur ki, ilk nümayişindən böyük tamaşaçı kütləsi toplayan, bu gün də sevə-sevə baxılan “Yollar görüşəndə” (1979) məzəli teletamaşasında Hökumə xanım rolunda Gülxar xanımı görəndə təəccüblənənlər də oldu. Düzdür, 1976-cı ildə Həsən Seyidbəyli “Xoşbəxtlik qayğıları” filmində elçilik səhnəsində Gülxar xanımın xoş təbəssümlü simasını, sözsüz də olsa, ekrana gətirmişdi. Amma bir dinməz epizod diqqətdən qaçsa da, ömrünü balalarına həsr etmiş, övladlarını yersiz ittihamlardan qorumağı bacaran Hökumə xanım obrazı artıq xanəndəlik karyerasının qürubuna yaxınlaşan Gülxar xanımı yenidən aktrisa kimi tanıtdırdı.  Ramiz Həsənoğlunun seçimi yerinə düşübmüş. Sonrakı illərdə Gülxar xanım bir neçə filmə çəkildi, kiçik də olsa, maraqlı rollar oynadı.

…Ötən əsrin doxsanıncı illərində cəmiyyətin ab-havası sənət aləmində çaşqınlıq, durğunluq yaratmışdı. Nəinki yaşlıların, hətta cavanların da özlərini sənətdə tapmaq, təsdiqləmək imkanının azaldığı dönəmdə çox fəal çalışan Azərbaycan Mədəniyyət Fondunda “Sönməyən ulduzlar” assosiasiyası və teatr truppası yaradıldı. Pensiyaya çıxmış, doğma kollektivdə hələ tükənməmiş potensialına meydan tapmayan aktyorlar, vokalçılar bura yığışmışdılar. Gülxar xanım da burda idi. Onun “Vaqif”də oynadığı aradüzəldən, evyıxan Yengəsini opera səhnəsində yox, assosiasiyanın eyniadlı dram tamaşasında gördüm. Elə o an da düşündüm ki, Gülxar xanımın dramı musiqiyə dəyişməsi ilə opera səhnəmiz Gənc Tamaşaçılar Teatrının itirdiyindən çox qazanıbmış.

 

Hamletsiz “olum, ya ölüm” dilemması

 

Gülxar xanımın yeganə övladı, sonralar həm dramatik, həm də komik rolların öhdəsindən məharətlə gələcək görkəmli aktyor Hamlet Qurbanovla arasında yaş fərqi böyük deyildi. Cəmi 20 yaş. Hamlet körpə olanda isə gözəl Gülxar müharibəyə getmiş üç qardaşını bir-birinin ardınca itirir. Beləcə, bacı məhəbbətini də analıq sevgisinin gözünə qatır.

Bəlkə də gərək deyilmiş övladı bu qədər sevmək, onun qayğıları ilə ziyadə ilgilənmək? Eh, indiyədək hər dürlü məhəbbətin aşırı, ya da yetərsiz olduğunu ölçən cihazmı icad edildi, ölçü vahidimi tapıldı?.. Yox… Və bütün hislərin izharı elə fərdi olaraq qalır. Görənlər bilir ki, Hamlet Qurbanovun da anasına bəslədiyi məhəbbət, bağlılıq da heç az deyildi. Onların ana-bala münasibətini hər ikisinin sənət sevgisi də qatılaşdırmışdı.

Demə, qismətində təkcə oğlunun sənət uğurlarına sevinmək yoxmuş…

Balasının gözünün qarşısında şam kimi əridiyini görmək, onun çarəsiz xəstəliyi qarşısında təbabətin acizliyini qəbul etmək də qismətdənmiş. 1995-ci ildə Hamlet Qurbanov 57 yaşında amansız xəstəlik üzündən dünyasını dəyişdi. Hamletdən sonra Gülxar xanım on il yaşadı. Əgər buna yaşamaq demək olardısa… Daha “Sönməyən ulduzlar”a da az gəlirdi. Gələndə də cavanlığını yada salıb nə oxuyurdu, nə də tamaşalara qoşulurdu. Xəstəlik, oğul itkisinin xiffəti onu içindən yeyirdi. Həyatda uzaq qohumuna görə yaşadığı haqsızlıq, rəfiqə xəyanəti, sevginin xatirəsi ilə yaşamaq, təkbaşına övlad böyütmək hünəri onun möhkəm xarakterini bir az da codlaşdırmışdı deyə, itirdiklərinin acısını yaşamağa özündə təpər tapırdı. Amma haracan? Ən əziz adamını – yeganə balasını itirmiş Gülxar xanımın hər açılan sabahı, hər qaralan axşamı hamletsayağı “olum, ya ölüm” dilemması içində keçirdi.

Olsun ki, nisgil içində yola saldığı bir-birinə oxşayan boz günlərin birində Gülxar xanım cavanlığında öz-özünə verdiyi hökmün peşmanlığını çəkirdi.

* * *

…Gülxar xanımın bir şəkli var. İyirmi il əvvəl, oğlu Hamlet Qurbanovun 60 illik yubileyində çəkilib. Teatr Xadimləri İttifaqının konfrans zalında oğlunun fotolarının sıralandığı divarın qarşısında pianoya söykənib, gözləri yol çəkir. Həmin tədbirdə iştirak etmiş, yazı da yazmışdım. Amma tədbir başa çatandan sonra Gülxar xanımın ağır-ağır başını yırğalayıb “ay Hamlet, ay Hamlet” deyərkən artıq şöləsi azalmış mavi gözlərinin içindəki xiffətdən başqa yadımda heç nə qalmayıb.

* * *

Bu gün, dekabrın 7-də Azərbaycanın xalq artisti, görkəmli xanəndə-pedaqoq, opera müğənnisi Gülxar xanımın 100 illiyi doğma Şəmkirdə qeyd edilir. Ayın 10-da isə ölkə Prezidentinin sərəncamı ilə dövlət səviyyəsində qeyd olunan 100 illik yubiley gecəsi bir zamanlar onun ifasına alqışların qopduğu filarmoniyada keçiriləcək.

Ruhun şad olsun, Gülxar xanım!

Gülcahan MİRMƏMMƏD