İspan dili dünyada onu özləri üçün ana dili hesab edən daşıyıcıların sayına görə Çin dilindən sonra ikinci yeri, habelə daşıyıcıların ümumi sayına görə (ana dili + məhdud istifadə dili + xarici dil) ingilis dilindən sonra ikinci yeri tutur.

Amma gələcəkdə ispan dilinin inkişaf sürətinin zəifləməsi, hətta tənəzzülü baş verə bilər.

Bu barədə “Dünyada ispan dili illiyi” adlı nəşrdə bildirilir. Bu proqnoz ispandilli ölkələrin sakinlərinin sayının azalması ilə bağlıdır. Servantes İnstitutunun şəbəkəsində dərc edilən illik nəşrin məlumatına görə 2017-ci ildə bu dilin daşıyıcılarının sayı 572,6 milyon olub. Məlumata görə, hazırda təkcə ABŞ-da ispan dilini xarici dil kimi öyrənən sakinlərin sayı təqribən 22 milyon nəfərdir. Böyük Britaniyada da ispan dilinə tələbat var, orada bu dil çox perspektivli sayılır.

Gözlənildiyinə görə, 2050-ci ildə ispanca danışanların ümumi faiz nisbəti 7,7 faizə çatacaq, yəni 756 milyon nəfər bu və ya digər səviyyədə bu dildə danışacaq. Həmin tarixdən etibarən ispan dili daşıyıcılarının sayı tədricən azalacaq və 2100-cü ildə bu azalma statistik baxımdan nəzərəçarpacaq həddə çatacaq.

Ölkələrin coğrafi mövqeyi və iqtisadi inkişaf səviyyəsi nəzərə alınmaqla iqtisadi baxımdan ispan dili dördüncü yerdədir. Bu əlamətlərə görə birinci yeri ən yaxın “rəqiblərindən” böyük fərqlə ingilis dili, sonrakı iki yeri Çin və fransız dilləri tutur.

İLONA