Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, tanınmış kino və teatr aktyoru Fəxrəddin Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrında yaradıcılıq fəaliyyətini dayandırması barədə kütləvi informasiya vasitələrində yayılan bəyanatı Mədəniyyət Nazirliyi və nazirliyin rəhbərliyi üçün çox gözlənilməz olmuşdur.

Bu barədə mətbuata açıqlamasında nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib.

Şöbə müdiri qeyd edib ki, Fəxrəddin Manafov Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli simalarından biridir. O, 40 ilə yaxın müddətdə kino sahəsində fəaliyyəti ilə, bir çox filmlərdə yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanmış, respublikamızın hüdudlarından kənarda da milli kino sənətimizi tanıtmışdır. Eyni zamanda son illər Dövlət Rus Dram Teatrının səhnəsində geniş tamaşaçı marağına səbəb olan rollar oynamışdır. Fəxrəddin Manafov yaradıcı fəaliyyəti ilə bərabər, həmçinin bir ziyalı, mədəniyyət xadimi kimi cəmiyyətdə hörmət və nüfuza malikdir.

İntiqam Hümbətov bildirib ki, nazirliyin rəhbərliyi aktyorun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra məsələnin dərhal araşdırılması ilə bağlı göstəriş vermişdir. Fəxrəddin Manafovun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq verilmişdir. Hazırda teatrın rəhbərliyi bununla bağlı müvafiq iş aparır. Məsələ nazirliyin rəhbərliyinin diqqət və nəzarətindədir.

“Biz inanırıq ki, bu məsələ tezliklə tanınmış aktyorumuzla teatr rəhbərliyi arasında dialoq və anlaşma şəraitində müsbət həllini tapacaq, Azərbaycan sənətsevərləri Xalq artisti Fəxrəddin Manafovu teatrın səhnəsində yeni-yeni yaradıcılıq layihələrində görəcək və alqışlayacaq”, - deyə şöbə müdiri əlavə edib.