Bakıda Müslüm Maqomayevə həsr edilmiş filmin premyerası
Noyabrın 12-də “ÜNS” yaradıcılıq səhnəsində dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş “Beşikdən əbədiyyətə qədər” filminin premyerası olub.
Tədbir iştirakçıları teatrın foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.
Filmin nümayişindən əvvəl çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Müslüm Maqomayevin xanımı, SSRİ Xalq artisti Tamara Sinyavskayanı və Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçi və tədbir iştirakçılarını salamlayıb. Gənc rejissor Mehdi Məmmədovun çəkdiyi filmi yüksək qiymətləndirən Nərgiz Paşayeva qeyd edib ki, biz Müslüm Maqomayevin səsini və ifasını eşitməyə adət etmişik. Bu filmdə isə həm də onun qəlbinin səsini eşidirik. Filmin mətni Müslüm Maqomayevin memuarları əsasında yazılıb.
Sonra “Beşikdən əbədiyyətə qədər” filmi nümayiş etdirilib. SSRİ Xalq artisti Tamara Sinyavskaya filmin ərsəyə gəlməsində bütün əməyi olanlara dərin təşəkkürünü bildirib. Onun sözlərinə görə, Müslüm Maqomayevi yaxından görməmiş filmin rejissoru onun ərsəyə gəlməsində böyük zəhmət çəkib və nəticədə uğurlu bir əsər yaradıb.