Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) mütəxəssisləri tərəfindən Kürdəmir rayonunun uşaq incəsənət məktəbləri, mədəniyyət evləri və klublarında çalışan xoreoqraflar və şagirdlər üçün ustad dərsləri keçirilib. Dərsləri BXA-nın müəllimləri – Əməkdar artist Tamella Əliyeva və Prezident təqaüdçüsü Zəminə Quliyeva aparıb.
Əvvəlcə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli, Xocavənd, Beyləqan, İmişli və Kürdəmir rayonlarından olan aidiyyəti işçiləri ilə müəllimlərin işgüzar görüşü olub. Sonra akademiyanın müəllimləri tərəfindən xüsusi innovativ proqram üzrə dərslər aparılıb. İnteraktiv şəkildə təşkil olunan dərslər böyük maraqla qarşılanıb, iştirakçıların sualları cavablandırılıb, yerlərdə tədris prosesinə cəlb olunan müəllimlərə əməli və metodiki tövsiyələr verilib.
Qeyd edək ki, 2015-ci ildən başlayaraq Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən BXA-nın müəllimləri tərəfindən respublikanın şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, habelə bu sənətin təbliğ edilməsi məqsədilə ustad dərsləri təşkil olunur.