…Gərək ki, belə bir mahnı sözləri var: “səni sevməyimdir mənim günahım”. Bir qadın bu sözləri xitab olaraq dilinə gətirərsə, dediyi cəsarətli sevgi etirafı olar və bitər. Amma “onu sevməyimdir mənim günahım” deyəndə söyləyənlə eşidənin arasında elə qəribə aura yaranır ki, nə düşünəcəyini, hansı qərarı verəcəyini bilməzsən…

Ortaq tarix yazmalı, oxşar ömür sürməli olduğumuz elə bir zamanlar yaşadıq ki, qadınları kimisə sevdiyinə, seçdiyinə görə, ya da eləcə onunla bir yerdə olduğuna görə suçlu bildilər və… cəzalandırdılar. Bu gün postsovet məkanında kimlərisə məşum 1937-ci ildə başlayan repressiya zamanı olanlarla təəccübləndirmək mümkünsüz… Hər kəs müəyyən qədər məlumatlıdır. Yenə də olmuşları, həmin acı həqiqəti səhnədən, rejissor təxəyyülünün, aktyor məharətinin gücü ilə görüb eşitmək isə tam fərqli bir duyğu…

* * *

Gürcü teatrını məxsusi tanıtmağa ehtiyac yoxdur. Biləndə ki, A.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrı Bakıda tamaşa oynayacaq, artıq mükəmməl rejissor işi, aktyor ifası ilə qarşılaşacağımıza əmin olub tamaşa gününü gözləyirik. Sonra oynanılacaq tamaşa barədə məlumat alırıq və marağımız daha da artır. Tamaşanın adı da “A.L.J.İ.R.”. Yox, ilk növbədə ağlımıza gələn Əlcəzair ölkəsinin rusca ismindən söhbət getmir. Əslində, bu qısaltmanın ruscadan çevirəndə səsləniş effekti itir. A.L.J.İ.R. – “Акмолинский лагер жен изменников родины”.

Bir vaxtlar Qazaxıstan çöllərində, Akmola vilayətində “vətən xaini” damğası ilə repressiya edilənlərin həyat yoldaşlarının saxlanıldığı xüsusi həbs düşərgəsi...

* * *

Bəri başdan deyək ki,  “A.L.J.İ.R.” Gürcüstan teatr tarixində bu tarixi bədii-sənədli təfsirlə çatdıran ilk tamaşa təcrübəsidir. Faciə əsəri təkzibolunmaz faktlar - dindirmə protokolları, məktublar, fotolar, şahid xatirələri, ömrünə sovet epoxasının ən dəhşətli düşərgəsində sürgün həyatı (əgər buna həyat demək mümkündürsə) yaşamaq düşmüş gürcü qadınlarının başlarına gələn əhvalatlar üzərində qurulub.

Əsərin müəllifi və quruluşçu rejissoru Gürcüstan Dövlət və K.Marcanişvili adına mükafatların laureatı Avtandil Varsimaşvilidir. Səhnəni ortadan kəsən, tikanlı məftili əvəz edən tordan başqa heç bir dekorasiya yoxdur (tərtibatçı – Gürcüstanın Xalq rəssamı, Ş.Rustaveli adına Dövlət mükafatı laureatı Mirian Şvelidze). Tor personajların həyatını sürgündən əvvəl və sürgün illərinə ayıran dəmir pərdə rolunu oynayır.

Rejissor yeddi aktrisanın oyunu və dili ilə repressiyaya məruz qalmış insanların taleyini nəql edir. Mövzudan aydındır ki, bu tamaşa söz üzərində qurulmalıdır. Rejissor tamaşanı yorucu etməmək üçün maraqlı üsuldan istifadə edib: əsərdə konkret obraz yoxdur. Bir qadının həyat hekayəsini bir neçə nəfər danışır, bir iştirakçı üç-dörd dəqiqə ərzində fərqli obraza girir: gah məhbusə olur, gah uşaq, gah nəzarətçi, gah müstəntiq, gah düşərgə rəisi… Əslində, tamaşaçı diqqətinin səhnədən yayınmasına imkan verməyən bu üsul daha böyük niyyətə xidmət edir: “A.L.J.İ.R.”dəki qadınların taleyinin oxşarlığını, onları aylarla yük vaqonlarında ac-susuz, min əziyyətlə Qazaxıstanın ucu-bucağı görünməyən çöllərindəki düşərgəyə gətirən dövranın “düşmən tapmaq” planını açmağa, onlara SSRİ deyilən xalqlar həbsxanasında necə münasibət bəsləndiyini göstərir.

Digər tərəfdən, bu üsul sənətkarlığın üst qatıdır: qadın gözəlliyini boğan boz-qara-qəhvəyi rəngli geyimlərə bürünmüş, sırıqlı gödəkcə, fasonsuz şalvar, ətək geyinmiş, üzünü solğun, əzabkeş göstərən qrim etmiş yeddi aktrisa təxminən 100 dəqiqə ərzində oynadıqları obrazların dərdini danışır. Bu həm hərəkət, həm performans, həm də psixoloji cəhətdən aktyor üçün çox ağır prosesdir. Özgə həyatından olsa belə, səhnədən sürgün çəkən məhbusələrin necə fiziki, cinsi istismara məruz qaldığını sözlə çatdırmağın özü qadın üçün mənəvi yükdür.

Elə bu üzdən də tamaşada çıxış edən yeddi aktrisanın – Gürcüstanın Əməkdar artisti Lyudmila Artyomova-Mqebrişvili, İnna Vorobyova, Nataliya Voronyuk, Nino Kikaçeişvili, Mariam Kitiya, Sofiya Lomcariya və Anna Nikolavanın ifasını seçdirmək mümkün deyil. Yeri gəlmişkən, bu çətinliklə 2017-ci ildə Gürcüstanda Veriko Ancaparidze adına Milli Teatr mükafatının münsifləri də qarşılaşıb. Onlar vəziyyətdən ən müdrik çıxış yolu tapıblar. Qaydanı pozaraq bir nəfər əvəzinə yeddi aktrisanın hamısını təltif ediblər.

Tamaşa insan qəlbini göynədən olaylar üzərində qurulsa da, “ürəyimin başı söküldü” ifadəsini tam açıqlayan bir neçə məqamı vurğulamaya bilmirik.

…Qəfildən düşərgədə yanğın başlayır: qəhrəmanların qaldığı barakın qapısı isə açılmır. Tüstüdən boğulan qadınlar qərar verirlər ki, bir aylıq norma kimi onlara verilmiş yarım kilo qəndi ölüm ayağında yesinlər. Yeyirlər və xilas edildikləri üçün boğulmurlar, sonra da qəndi yeməkdə tələsdiklərinə görə peşmanlayırlar…

… 1938-ci ildə kütləvi repressiyaların “ilhamvericisi” N.İ.Yejovun əvəzinə L.P.Beriyanı xalq daxili işlər komissarı qoyurlar. Bu xəbər Akmolaya çatanda digər baraklarda sürgün çəkən, başqa millətlərdən olan qadınlar Beriya barədə xoş söz eşitmək ümidi ilə gürcü məhbusələri sorğu-suala tuturlar. Onlar isə biz tamaşaçılara Beriyanın Gürcüstan ziyalılarına çəkdirdiyi zülmdən danışsalar da, sürgündaşlarının qarşısında susurlar...

…1953-cü il. Stalinin ölüm xəbəri düşərgəyə çatır. Sevinənlərin arasında Ninonun səsi bərk çıxır deyə ona yeddi gün karser cəzası kəsilir. Sürgün boyu üçüncü dəfə karserə düşdüyünü deyən Nino bu dəfə etiraz etmədən karserə gedir, düz bir həftə gücü çatan qədər “Müstəbid öldü!” deyə bağırır.

…Tamaşanın sonuna yaxın yeddi məhbusə başlarına gələn bir olayı da xatırlayırlar: “Bir dəfə silahlı nəzarətçinin müşayiəti ilə işdən baraka qayıdanda yerli əhali, xüsusən də uşaqlar bizə daş atmağa başladılar. Biz üstümüzə yağan ağımtıl, yumru daşlardan qorunmağa çalışır, nəzarətçi isə “görürsüz, sizə təkcə partiya nifrət etmir, yerli camaat da sizi daş-qalaq edir” deyə gülürdü. Qəfildən qadınlardan biri yerə yıxıldı. Yıxılanda başı həmin daşa dəyəndə, ondan süd qoxusunu hiss edib ağzına da şirin tam gəldiyi üçün xəlvəti daşı sırıqlısının cibinə qoydu. Barakda qazax qadınlarına həmin daşı göstərəndəsə onlar dedilər ki, bu, daş deyil, biz kəsmiyi beləcə qurudub saxlayırıq. Həmin qurut yumruları, sürülərini bizim yolumuzdan aparan çobanların kolların dibinə xəlvəti atdığı çörək, yemək bağlamaları bizi acından ölməyə qoymadı. Biz sağ qaldığımıza görə yerli qazaxlara minnətdarıq”…

* * *

“A.L.J.İ.R.” Gürcüstandan sürgün edilmiş 300 nəfərədək günahsız qadının xatirəsinə, onların ağlasığmaz əzablara dözümünün şərəfinə qurulmuş tamaşadır. Əbəs yerə tamaşa boyu səhnənin arxa planında həmin istedadlı, görkəmli gürcü gözəllərinin iri portretləri asılmamışdı. Tamaşanın sonunda yeddi məhbusədən biri deyir: “Görün, biz kimlərlə eyni düşərgədə sürgün çəkmişik…” Bu jest təkcə tarixə ehtiram yox, həm də qan üzərində qurulan siyasi rejimin ifşası kimi anlaşılır.

Adətən tamaşadan sonra hər kəs fərqli hislərlə teatrı tərk edir. Əminik ki, Qriboyedov teatrının S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında oynadığı bu tamaşanı seyr edən hər kəsin təəssüratında bir ortaq fikir var idi: tarixin gözünün içinə düz baxaraq, dövrün və dövranın acı həqiqətini cəsarətlə, fərqli tərzdə çatdırmaq, insanları zülm vermək və zülmə tabe olmaq fikrindən daşınmağa sövq edən ideyanı duymaq.

Gülcahan MİRMƏMMƏD