Noyabrın 15-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Weit Media” kino şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” bədii filminin təqdimatı keçirildi. Sarayın foyesində filmin çəkiliş anlarını əks etdirən fotolardan ibarət sərgi nümayiş olunurdu.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Rusiyadan qonaqlar, respublika mədəni ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Nümayişdən əvvəl “Film haqqında film” videoçarxı təqdim olundu. 22 avqust 2011-ci il. Rejissor Yuli Qusman “Motor!” komandasını verir. Yaradıcı heyət ənənəyə sadiq qalaraq kamera qarşısında boşqab sındırır. Beləliklə, 1981-ci ildə ekranlara çıxan və keçmiş SSRİ məkanında populyarlıq qazanan “Qorxma, mən səninləyəm!” filminin ikinci hissəsinin çəkilişlərinə start verilir. “Film haqqında film”də şəhər sakinlərinin 32 il əvvəl lentə alınmış əsərlə bağlı fikirləri də yer almışdı.
İllər sonra filmin qəhrəmanları yenidən bir araya gəldilər və budur, yaradıcı heyət Heydər Əliyev Sarayının səhnəsində görünür. Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi, filmin ssenari müəllifi və rejissoru Yuli Qusman çıxış edərək uzun illər Moskvada yaşamasına baxmayaraq, doğulub boya-başa çatdığı Bakını heç vaxt unutmadığını, filmin çəkilişlərinin həyata keçirildiyi rayonlarda yerli əhalinin onları qonaqpərvərliklə qarşıladığını söylədi.
“Qorxma, mən səninləyəm” filminin ikinci hissəsinin çəkilməsini çoxdan arzulayan və bu istəyini 32 ildən sonra reallığa çevirdiyini bildirən rejissor yeni ekran əsərinin ərsəyə gəlməsinə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Rejissor filmin xalqımızın qəhrəman, musiqisevər və qonaqpərvər simasını göstərmək istəyi ilə lentə alındığını dedi, ekran əsərinin keçmiş SSRİ respublikalarının dostluğunu tərənnüm etdiyini bildirdi: “Filmin əsas qəhrəmanları Teymur (Polad Bülbüloğlu), San Sanıç (Lev Durov) və Rüstəm (Muxtarbəy Kantemirov) tamaşaçıları sevindirmək üçün yenidən bir araya gəldilər. Amma əfsuslar olsun ki, filmin ikinci hissəsini görmək bir çox aktyorlarımıza nəsib olmadı. Azərbaycanın xalq artistləri Nəsibə Zeynalova, Həsən Turabov, Mirzə Babayev və filmin ikinci hissəsində rol alan, lakin premyeraya qədər dünyasını dəyişən Rusiyanın Xalq artisti Anatoli Ravikoviçin xatirəsini dərin hörmətlə yad edirik”.
Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu tamaşaçıları salamlayaraq filmin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. Yeni ekran əsərinin də 32 il əvvəlki film kimi uğur qazanacağına ümidvar olduğunu dedi.
Filmin yaradıcı heyət üzvləri tamaşaçılara təqdim olunandan sonra səhnəyə çıxan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xalq artisti Yuli Qusmanın “Şöhrət” orden təltif olunması haqqında Azərbaycan Prezidentinin sərəncamını oxudu və ordeni rejissora təqdim etdi.
Sonra film nümayiş olundu. Ekran əsərində qara qüvvələrin Azərbaycanda demokratiyaya qarşı üsyanı və onu qarşısının alınması təsvir olunur. Burada təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın məhəbbəti də öz əksini tapıb. Xalq artisti Polad Bülbüloğlunun canlandırdığı Teymur obrazı bu dəfə tamaşaçılara həm deputat, həm də bəstəkar kimi təqdim edilir.
Mərasimə qatılan SSRİ Xalq artisti Lev Durov təəssüratlarını bizimlə bölüşərək yenidən Bakıda olmasından sevindiyini bildirdi: “Birinci filmdə olduğu kimi, ikinci filmdə də unudulmaz anlar yaşadıq. Bu şəhərdə hər şey mənə doğma və əzizdir. Hələ 10 il bundan əvvəl Yuli Qusman mənə deyəndə ki, filmin ikinci hissəsini də çəkəcəyəm, o vaxt bunu zarafat kimi qəbul etmişdim”.
Rusiyanın Xalq artisti Muxtarbek Kantemirov isə bunları dedi: “Bir çox bölgələrdə çəkilişlərimiz oldu. Yenidən 32 il əvvəl yaşadığım hissləri yaşadım. Təəssüf ki, həmin ildə çəkilən aktyorların bir çoxları sıralarımızda yoxdur, amma bu gün onları da dərin ehtiramla yad edirəm”.
Rejissor Yuli Qusman da premyeradan sonra fikirlərini media nümayəndələri ilə bölüşdü. Azərbaycana bağlı olduğunu, filmin premyerasının məhz vətənində baş tutduğuna hədsiz sevindiyini dedi: “Yaradıcı heyət filmin ərsəyə gəldiyi iki ildə Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi oldu. Bu film də Azərbaycan xalqına məhəbbətin etirafıdır”.
Xalq artisti Polad Bülbüloğlu: “Gördüyünüz kimi, filmdə Azərbaycan mənzərələri təsvir edilib. Bu film Azərbaycanı tərənnüm edir. Filmdə Bakının müasir görüntüləri də yer alıb. Təbii ki, kiminsə xoşuna gələcək, kiminsə yox. Hər halda filmə uğurlu həyat diləyirəm və premyeraya gələn hər kəsə minnətdaram”.
Yeni ekran əsərinin operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir. Filmdə rusiyalı aktyorlar Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinski, Yuri Kobaladze, eləcə də Azərbaycanın tanınmış aktyorları Həmidə Ömərova, Nuriyə Əhmədova, Məbud Məhərrəmov, Bəhram Bağırzadə, Rövşən Əsgərov, Kristina Güləliyeva, Eldar Qasımov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev və başqaları çəkiliblər. Filmin bəstəkarı Polad Bülbüloğlu, mahnı mətninin müəllifi Yuri Ryaşençevdir.
Lalə Azəri