80 illiyi tamam olan Rasim Ocaqovun göz, söz və quruluş ocağı haqda bir səhifəlik söz...
Bu filmlərdən neçə-neçəsinə Rasimin ustad operator gözüylə baxmışıq, bir neçəsində onun istedadlı ssenarist dəst-xəttini hiss etmiş, adlarını əzbərdən sayıb-sadalayacağımız 10 ekran işinə isə bu fenomenal rejissorun quruluşunda, yozum-düzümündə vurulmuşuq...
Bu tip fikirlər, əslində, bir çox ciddi kinematoqrafçılara - professional operator, ssenarist və rejissorlara aid edilə bilər. Amma Rasim Ocaqovun ömür və yaradıcılıq taleyi - elə operatoru və quruluşçu rejissoru olduğu filmlər kimi, həmin o “bir çox”larından xeyli fərqlidir. Çünki söhbət yalnız ömrü boyu minlərlə kadr çəkmiş, yüzlərlə pavilyon-məkanda olmuş, onlarca film yaradıcısından deyil, həm də yalnız qəlb “statistika”sına alınıb, ürək “bloknot”una salınan saysız təbii və süni əngəllər, qurama əzablar, ovaxtların “mərkəz” və “yerli” etiketli “hazıra-nazir”lərdən “mız”lar eşidib, nazlar çəkmiş bir sənətkardan gedir.
Bu eksklüziv təqdimatdakı yumoristikvariliyin bir neçə səbəbi var ki, bunlardan da ən birincisi az-para görüb-tanıdığım, haqqında xeyli oxuduğum və kifayət qədər eşitdiyim Rasim Ocaqovun özüdür; siz nə onun fotoşəkillərindəki pessimizmə, nə də məşhur “Tütək səsi”ndə gördüyünüz dünya-aləm ələm-əməllərinə bənd olun, - Rasim çox nəşəli, ovqatsaçan, həyat eşqli, gözləri yanar ocaq bir insan, çox orijinal bir sənətkar olub.
Şəki və Bakı
O, əsasən göz sənəti olan kinoya söz sənətinə vurğunluğundan gəlmişdi. Bu isə onun şəxsi-bioloji fitrətilə bərabər, günü bu gün də folklor yaradıcılığından qalmayan, bu təbii-xəlqi qaynamada “deyib-gülmə”, “məzə-məzhəkə” dastanlarını xüsusi bir şövqlə davam etdirən Şəki diyarında doğulması ilə bağlı idi. Artıq xeyli dərəcədə praktikləşib, müəyyən qədər əda-modalaşaraq həm də qanadlı ifadələr, frazeoloji ibarələr kəsb etməkdə olan Azərbaycan kinosu bu yeni yaradıcılıq cücərtilərini məhz Rasim Ocaqov kimilərinin əlli-altmış il bundan əvvəlki səpkilərindən götürüb. Birmənalı başa düşülə bilər ehtimalı ilə adlarını çəkmədiyim bir çox filmlərimizin məna-məzmunca naftalin qoxuyan basmaqəlib adları, trafaret titroqrafik elementləri belələrinin stilizasiyaları sayəsində “gözləri yağır, qulaqları bağır”lıqdan təmizlənirdi. Gənc operator Rasimin sənətə baxışı da yeni olduğundan, vizual fonlarla bərabər, məna-mətləb donları da yeniləşir, tamaşaçının gördüklərilə eşitdikləri arasında bir proporsionallıq yaranırdı. Onun əl qoyduğu işlərdə “Abidələr danışır”dı. Uzun illər boyu “Rəhbərə salam”, “26-lar”, “VİL-100”, “Qurultaydan-qurultaya” dəbli ekran matahları, Böyük Oktyabr Sosialist İnqilabının ildönümlərindən ibarət “başınadönüm-qurbanınolum” təbli “qlobal” mövzular “Ad günü” bədii, “Yolda əhvalat” qısametrajlı, “Metamarfoza”, “Rəngli yuxu”, “Heyf siqnalından”, “Çexski unitaz” kimi “Mozalan” süjetlərində “lokal” kinolentlərə çevrilirdi.
Rasim Ocaqovun filmoqrafiyası Azərbaycan kino industriyasında ayrıca parlaq bir səhifədir. Səviyyə, məna tutumu, zənginlik və rəngarənglikcə dopdolu səhifə! Bu səhifə ilk hərfindən son nöqtəsinədək maraqla oxunur, doyulmadan baxılır, sətirdən-sətrə artımlanır. O, kino sənəti üçün xarakterik olan üç əsas elementin hər birindən ustalıqla istifadə edib. O, bütün filmlərində görüntü, söz və səs “trio”sunu ecazkar dirijor kimi idarə-ifa etdirib; tək elə ansambl kimi yox, hər birini solo kimi də aksentləşdirib. Onun “Abşeron ritmləri”ndə sözügedən elementlərdən hansının “komandir”, hansının “əsgər” olduğunu sezmək nəinki sıravi tamaşaçılıq, heç asan “şünas”lıq da deyil. Biri-birilə vəhdət təşkil edən musiqi notları ilə çəkiliş planlarının harmoniyası belə bir qənaət hasil etdirir ki, bu tammetrajlı filmdə hər şey - zövqlə seçilmiş musiqi parçaları, ustalıqla ovlanmış kadrlar bu istedadlı “dərzi”nin yüz ölç, bir biç “atelye”sindən keçib.
Kinoşünaslarımız, mütəxəssis tənqidçilərimiz bu faktı da tez-tez vurğulayırlar ki, ötən əsrin ikinci yarısından başlayaraq Azərbaycan kinosunda adi tamaşaçıların belə sezdiyi canlanma baş verdi. Rasim Ocaqov kinoya kinonun məhz belə bir dirçəliş dövründə qədəm qoyub və “kütləvi səhnələr” obrazı kimi ənənəviçilik “paslanma”larına da son qoyub.
1957-ci ildə istehsalata buraxılmış “Bir məhəllədən iki nəfər” tamaşaçılar arasında necə, hansı dərəcədə maraq oyatmışıbsa, filmin operatoru - iyirmi dörd yaşlı bu oğlan da kinoçular içərisində o marağı qazanıbmış. Kinokameranın texniki dili ilə bərabər, bəzi həmkarları üçün ömürlərinin sonuna qədər gizli qalan bir çox sehr-sirri də mükəmməl öyrənmiş gənc Rasim bu debütdən sonra Əjdər İbrahimov kimi kino-nəhəngin diqqətini cəlb edir, ondan (və başqalarından) biri-birinin ardınca təkliflər alır. İlk sərbəst operator işi olan “Onun böyük ürəyi” filmində isə, o çağadək “fizioloji planların poetik-filoloji yaradıcısı” adıyla tanınmış Rasim Ocaqov, artıq diqqətlərdə psixoloji anların ustası kimi “qeyd”ə alınır. Həmin vaxtlaradək “tamaşaçı filmə operatorun gözü ilə baxır” deyimini tez-tez ürəyində heyranlıqla təkrar edən Rasim, artıq, öz beynində maraqlı deyimlər toxuyur ki, onlardan biri də budur: “Əgər operator çəkərkən gözünü qırpmayıbsa, tamaşaçı da baxarkən qırpmayacaq...”
O, bu sözləri dili ilə dedi, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Skripkanın sərgüzəşti”, “Sən niyə susursan?” və s. filmlərdəki əməli ilə sübut etdi.
Rejissorluq səviyyəsinə - kino işində komandan epoletinə çoxdan yetmiş olsa da, Rasim Ocaqov bu görəvə 1974-cü ildə - qırx bir yaşında layiq görüldü. Onun bu mərtəbəyə çıxmasının özü də maraqlı bir tarixçədir. Belə ki, bu əvəzedilməz operatorun “mən özüm də film çəkmək istəyirəm” iddiasından çıxılmaz vəziyyətdə qalan kinostudiya rəhbərliyi “...olar, amma yalnız rejissorluq təhsili aldıqdan sonra” - deyib və Rasim də - “eləmə tənbəllik”, gedib ADİİ-də (ADMİU) rejissorluq fakültəsini də oxuyub...
İnstitutdan kinostudiyaya qayıdan Rasim bu arzusunun reallaşmasına yarımçıq qalmış bir filmlə - adını dəyişib “Qatır Məmməd” qoyduğu “Gəncəbasarlı qisasçı” ilə başlayıb. O, bu filmin bərpa və davamına bir qədər fərqli aspektdən yanaşır, ssenariyə ciddi əl gəzdirir, qəhrəmanların ifaçılarında dəyişikliklər edir və ilk rejissor məhsulu olan bu film mətbuatda professional iş kimi dəyərləndirilməklə yanaşı, sonrakı 30 illik ünlü fəaliyyətinə yaşıl işıq da yandırır.
O vaxtdan “Rasim Ocaqov” titri kinomuzun arzulanan, səbirsizliklə gözlənən imzalarından birinə çevrildi. Görkəmli ədib İsa Hüseynov yaradıcılığına yeni bir baxış - Rasim Ocaqov təfsiri yarandı. Kinomuz “Tütək səsi” şedevri, filmin özü isə Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev kimi ustad aktyorların təfsirlərində İsfəndiyar, Qılınc Qurban kimi Azərbaycan kişisi obrazları qazandı.
“Rasim Ocaqovun yaradıcı psixolojisi yaradıcılıq xronolojisindən sürətlə və öndə gedirdi” deməklə, görəsən, yanılmış olmuram ki? Məncə, bu qənaətimin sübutu üçün aşağıda onun xəyali “Azərbaycan kino təsərrüfatı sərgisi”nin yuxarılarında dayanan filmlərinin adlarını sadalamağım yetər: “Ad günü”, “Özgə ömür”, “Park”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm, bağışla”, “İstintaq”, “Təhminə”, “Otel otağı”...
...Bu an, onun çəkdiyi filmlərdən birinin (“Ölsəm, bağışla”) adı mənə uzun adlı bir fikir “filmi” diktə etdi: “Yaxşı yaza bilməsəm, bağışla...”
Onun gözü ilə baxdıqlarımız, ssenari-sözü ilə eşitdiklərimiz, quruluşları ilə bəhrələndiklərimiz haqda bu qədər.
Onu böyük sənətə gətirən, təltifləyən, “nahaqq-haqq” dünyalara gətirib-aparan qəza-qədərlər barədə isə, -
Aşağıdakı qədər
Görüşüb-salamlaşmağı hələ döyülməmiş xırmana, ayrılıb-xudahafizləşməyi suyu soğulmuş dəyirmana bənzədirlər...
Filmoqrafiyasına günlər-aylarla baxılıb-qurtarılmayası bu sənətkarın avtobioqrafiyası ilə tanışlıq bir dəqiqə çəkə, ya çəkməyə: 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub, 2006-cı ilin 11 iyulunda Bakıda vəfat edib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültələrini bitirib. SSRİ və Azərbaycan Dövlət mükafatlarına, Xalq artisti fəxri adına layiq görülüb...
Tahir Abbaslı