Bu günlərdə Moskva metrosunda virtual kitabxananın istifadəyə verilməsi ilə bağlı xəbər diqqətimizi çəkdi.
“Puşkin” stansiyasında şairin mozaik pannolu təsviri ilə bəzədilmiş elektron kitabxana-lövhə böyük maraq doğurub. Virtual kitabxananın lövhəsində şairin “Kapitan qızı”, “Ruslan və Lyudmila”, “Qaratoxmaq qadın” və başqa məşhur əsərlərinin elektron versiyasını QR (Quick Response) kodu vasitəsilə yükləmək mümkündür. Bildirilir ki, bir neçə gün virtual kitabxanadan 100 mindən artıq sərnişin istifadə edib. Məlumata görə, virtual kitab rəfləri ilin sonunadək Moskva metrosunun bütün stansiyalarında qurulacaq.
Belə bir layihənin Bakı metrosunda da reallaşması mümkündürmü? Nəzərə alsaq ki, paytaxtımızdakı metro stansiyalarının bir neçəsi (Nizami, Nəsimi, Xətai, Cəfər Cabbarlı, Nəriman Nərimanov) tanınmış ədiblərin adını daşıyır. Bu stansiyalarda adıçəkilən müəlliflərin əsərlərindən ibarət virtual kitabxana – elektron kataloq-lövhələr qurmaq olarmı?
Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. Şöbə müdiri bildirdi ki, “Bakı Metropoliteni” bu günə kimi çoxsaylı mədəni layihələr həyata keçirib. Sözügedən layihə üzərində uzun müddətdir ki, iş aparılır. Bir sıra nüanslar və məsələlər var ki, bütün bu mərhələlərdən sonra layihə bizim metro stansiyalarında da reallaşacaq.
Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov layihə ilə bağlı münasibət bildirərkən diqqətə çatdırdı ki, adıçəkilən layihələr bir neçə qurumun birgə fəaliyyəti nəticəsində reallaşa bilər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC və bir sıra qurumların birgə fəaliyyəti nəticəsində belə bir layihəni reallaşdırmaq gözəl təşəbbüs olardı: “Biz bu layihəyə öz töhfəmizi elektron kitabların, klassiklərin əsərlərinin rəqəmsal variantını təqdim etməklə verə bilərik”.
Qeyd edək ki, Bakı metrosunda bu günə kimi mədəniyyətimizi təbliğ edən bir sıra layihələr reallaşıb. Bu qəbildən “Metro Gallery” layihəsi çərçivəsində həvəskar rəssamların sərgisi, həmçinin “Azərbaycan kinosu” adlı sərgi, Milli musiqi gününə həsr edilən ənənəvi tədbirləri və s. misal göstərə bilərik.
LALƏ