Bir neçə ay öncə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Motivlər...” adlı kinoalmanaxın çəkilişlərinə start vermişdi.

“Motivlər...” Azərbaycan Prodüserlər Gildiyasının “Geniş baxış” ssenari müsabiqəsinə “Adari Films” tərəfindən təqdim olunub və qalib layihə kimi təsdiqlənib. Kinoalmanax xaricdə kino təhsili almış altı azərbaycanlı gəncin (Teymur İsmayılov, Anar Abbasov, Cəfər Axundzadə, Rüfət Həsənov, Vüqar İslamzadə, Elmar İmanov) çəkəcəyi qısametrajlı filmlərdən ibarətdir.
“Azərbaycanfilm” kinostudiyasının direktoru və Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmovun sözlərinə görə, ilk dəfə olaraq qalib ssenarini prodüserlər özləri seçiblər və müəlliflərə film çəkmək şansı verilib. Ötən saylarımızda layihə üzrə çəkilən filmlər barədə məlumat vermişdik. Artıq kinoalmanaxın sonuncu, altıncı filmi çəkilir. Gənc rejissor Vüqar İslamzadənin filmi “Zabitin şərəfi” adlanır. Biz də fürsətdən istifadə edib çəkiliş meydanına getdik.
Yarıqaranlıq pavilyon, dekorasiyalar və gənc kino işçiləri. Filmin xətt prodüseri Aydın Hacıyev bizi rejissor Vüqar İslamzadə ilə tanış edir. Rejissor bildirdi ki, qısametrajlı ekran əsərində bir zabitin öz şərəfi uğrunda döyüşündən bəhs edilir: “Bir müddətdir ki, çəkilişlərə başlamışıq. İşimiz qaydasında gedir. Bu, “Motivlər...” layihəsi üzrə sonuncu filmdir. Dövlət sifarişidir və biz də çalışırıq ki, bu etimadı doğruldaq”.
Qeyd edək ki, Vüqar İslamzadə Sidneydə təhsil alıb. Bu onun Azərbaycanda ikinci işidir. “İnfeksiya” adlı ilk filmini 2011-ci ildə ərsəyə gətirib. Yeni filmin həm də ssenari müəllifi olan Vüqar İslamzadə çəkilişləri dekabrın sonlarında yekunlaşdırmağı planlaşdırır. Filmin operatoru Aydın Rəfiyevdir. Rollarda Əbdül Mahmudov, Rövşən Vəliyev, Azər Aydəmir, Aqil M.Quliyev, Cavanşir Məhərrəmov və başqaları çəkilir.

Lalə