Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak edib.
Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir. Mərkəzin üçmərtəbəli binasının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.
Yüksək zövqlə inşa edilən binanın interyeri müasirliyi ilə seçilir. Burada 300 yerlik böyük konfrans zalı yaradılıb. Zalda rayonun ictimai-siyasi, mədəni həyatı ilə bağlı əlamətdar tədbirlərin keçirilməsi üçün hər cür şərait mövcuddur.
Gənclər Mərkəzində Heydər Əliyev Muzeyi fəaliyyət göstərəcək. Muzeydə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar var.
Gənclər Mərkəzində virtual atıcılıq otağı, foto, rəsm, dizayn və poliqrafiya studiyaları, fortepiano, rəqs və intellektual oyun zalları yaradılıb. Burada, həmçinin kiçik konfrans zalı, gənclik kafesi, kompüter, xarici dil kursları, linqafon kabineti, şahmat otağı, virtual sinif var. Mərkəzdə 90 yerlik kinozal və elektron kitabxana da gənclərin ixtiyarına veriləcək. Bundan başqa, burada nikah zalları da yaradılıb.
Bu cür müasir Gənclər Mərkəzinin inşası bir daha sübut edir ki, ölkəmizdə gənclər siyasətinin reallaşdırılması istiqamətində görülən çoxşaxəli tədbirlər ardıcıl xarakter daşıyır. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasətinin davam etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətində mühüm yerlərdən birini tutur.
Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar icra olunur.