Buzovna qəsəbəsindəki Ruhulla Axundov adına Mədəniyyət evində dekabrın 16-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, yazıçı və şair, alim Soltan Əlizadənin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

İlk olaraq yubilyarı təbrik edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Soltan Əlizadənin Azərbaycanda din və mədəniyyət anlayışını bir araya gətirərək təkcə din xadimi kimi deyil, həm də xalq arasında maarifpərvər elm adamı kimi tanındığını dedi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov Soltan Əlizadənin ədəbiyyat və incəsənətə xidmətlərindən bəhs etdi. Bildirdi ki, o, bədii yaradıcılıqla yanaşı, ədəbiyyatda toxunulmayan sahələri tədqiq edir. “Şah İsmayıl Xətai”, “Xətai və Füzuli”, “Həzrət Əli və dünya ədəbiyyatı” və digər kitabları onu həm bir şair, həm də alim kimi tanıdıb. Soltan Əlizadə 25 kitab müəllifidir və bu kitabları yazmaq üçün Azərbaycanı qarış-qarış gəzib, araşdırmalar aparıb, unudulmaqda olan şəxsiyyətləri yenidən yaddaşımıza qaytarıb. 

Akademik Vasim Məmmədəliyev, professor Asif Rüstəmli, millət vəkili, ürək-damar cərrahı Rəşad Mahmudov, Əməkdar rəssam Rafael Muradov, AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı yubilyara ən xoş arzularını çatdırdılar. Tədbir yubilyarın şeirlərinin səsləndirilməsi və muğam ifaçılarının çıxışları ilə davam etdi.

L.AZƏRİ