Mehdi Məmmədovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi

Dekabrın 18-də Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli teatr rejissoru, aktyor və pedaqoq,  teatr tədqiqatçısı, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 100 illik yubileyi qeyd edildi.

Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Dövlət Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən yubiley mərasiminə gələnləri foyedə düzənlənmiş fotosərgi qarşıladı. Böyük sənətkarın teatr rejissoru və aktyoru kimi yaradıcılığının əsas hissəsi bu teatrla bağlı olduğundan stendlərdəki yadigar fotolar ölkənin ən qocaman teatrının tarixinin bir parçasını yaddaşda canlandırırdı.

Jurnalistlərə müsahibə verən mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, ölkə başçısı 2018-ci ilin 23 aprel tarixində “Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, görkəmli rejissorun yubileyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilməkdədir. Nazir vurğuladı ki, 2019-cu ildə də ölkəmizdə bir-birindən rəngarəng mədəni tədbirlər keçiriləcək, görkəmli sənətkarların yubileyləri dövlət səviyyəsində qeyd olunacaq.

* * *

Yubiley mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dedi ki, biz bu gün Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun 100 illiyi münasibətilə onun yaradıcılıq yoluna nəzər yetirmək üçün toplaşmışıq. 

Natiq sözünə davam edərək bildirdi k, Azərbaycan mədəniyyətinin, o cümlədən  teatr sənətinin yaranmasında, inkişafında müstəsna xidmətləri olan sənətkarların keçdiyi yaradıcılıq yolunun, ölkə mədəniyyətinə verdiyi töhfələrin dəyərləndirilməsi, xatirəsinin yad olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu sənətin inkişafında müstəsna rolu olan görkəmli rejissorlarımızdan biri, həm də tanınmış aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Mehdi Məmmədovdur. Diqqətə çatdırıldı ki, ölkə başçısının müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan tədbirlər planı həyata keçirilməkdədir. Bugünkü yubiley gecəsi sənətkarın xatirəsinə növbəti ehtiramdır.

Mehdi Məmmədovun hələ məktəbli ikən peşəkar teatr səhnəsində çıxışını, Bakı teatr məktəbini bitirdikdən sonra təhsilini Moskvada Teatr Sənəti İnstitutunda davam etdirdiyini xatırladan Vaqif Əliyev Gəncə və Bakı teatrlarındakı səmərəli fəaliyyətini, onun teatrşünas alim kimi yaradıcılığını da yada saldı. Qeyd etdi ki, rejissorun Akademik Dram Teatrının səhnəsində hazırladığı, öz orijinallığı, yüksək bədii keyfiyyətlərinə görə seçilən Hüseyn Cavidin “İblis” tamaşası 1984-cü ildə Dövlət mükafatına layiq görülüb: “Mehdi Məmmədov rejissor kimi qazandığı uğurlarını aktyor kimi də taclandırmışdır. Onun Akademik Dram Teatrının səhnəsində yaratdığı L.Tolstoyun “Canlı meyit”ində Fyodor Protasov, Cavidin “Xəyyam”ında Xəyyam, S.Vurğunun “İnsan”ında Şahbaz, M.Qorkinin “Meşşanlar”ında Teterov, 1959-cu ildə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Onu bağışlamaq olarmı?” bədii filmində yaratdığı Qaya obrazı yüksək ifaçılıq nümunəsi kimi bu gün də sənətsevərlərin yaddaşındadır”.

Bildirildi ki, Mehdi Məmmədovun müəllifi olduğu “Azərbaycan dramaturgiyasının estetik problemləri”, “Teatrlar. Aktyorlar. Tamaşalar”, “Rejissor sənəti”, “Estetika haqqında söhbətlər”, “Teatr düşüncələri”, “Onun sənət ulduzu”, “Moskva Akademik Bədaye Teatrı” kitabları bu gün də yeni nəsillərin yetişməsində mühüm elmi vəsait kimi dəyərləndirilməkdədir. Azərbaycan teatr sənətində qazandığı uğurlara görə Mehdi Məmmədov 1949-cu ildə Əməkdar incəsənət xadimi, 1958-ci ildə Xalq artisti, 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb.

Vaqif Əliyev çıxışının sonunda dedi: «Bu gün müstəqil Azərbaycan Respublikasında fəaliyyət göstərən teatrlarda çalışan bir çox rejissor və aktyor ömrünün 50 ilə yaxın bir dövrünü teatr sənətinə həsr etmiş unudulmaz sənətkar Mehdi Məmmədovun yetirmələridir. XX əsr Azərbaycan teatr sənətinin görkəmli rejissorlarından biri, korifey sənətkar Mehdi Məmmədovun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq, onun adı Azərbaycan teatrında varlığını hər zaman qoruyub saxlayacaq. Gələcək nəsillər onun səmərəli elmi irsindən bəhrələnərək teatr sənətində yeni uğurlara yol açacaqlar”.

* * *

Yubiley tədbirinin bədii hissəsi ötən əsrin yetmişinci illərində Mehdi Məmmədovun televiziya və radioda teatr, ümumiyyətlə, incəsənət və fəlsəfə haqqında maraqlı verilişlərindən birinin səsyazısının səsləndirilməsi ilə başladı. Gecəni teatrşünas Elçin Cəfərov aparırdı. Onun görkəmli rejissorun yaradıcılığı barədə söylədikləri yubilyarın milli teatrda quruluş verdiyi «Canlı meyit» (L.Tolstoy), «Xəyyam» və «İblis» (H.Cavid), «Dəli yığıncağı» (C.Məmmədquluzadə) tamaşalarının baş qəhrəmanları səhnəyə çıxaraq həmin tamaşaların ideyasını ardıcıllıqla davam etdirən kompozisiya təqdim etdilər.

Akademik İsa Həbibbəyli, Xalq artisti Azərpaşa Nemətov, professor Məryəm Əlizadə öz video-çıxışları ilə Mehdi Məmmədovun çoxşaxəli yaradıcılığını ən müxtəlif səpkilərdən – rejissor, filosof, pedaqoq, teatrşünas və aktyor kimi təhlil etdilər.  

Mehdi Məmmədovun quruluş verdiyi «Leyli və Məcnun» operasından «Şəbi-hicran» xoru, Leyli ilə Məcnunun görüş səhnəsi (Rəvanə Əmiraslanlı və Əməkdar artist Elnur Zeynalov), «Sevil» operasından Sevilin ariyası (Əməkdar artist Zemfira İsmayılova), Xalq artisti, xanəndə Teyyub Aslanovun çıxışı yubiley gecəsinin bəzəyi oldu.

G.MİRMƏMMƏD