İçərişəhərdəki Tahir Salahovun ev-muzeyində 2019-cu il üçün VTB Bankın hazırladığı təqvimin xüsusi buraxılışının təqdimatı olub. Təqvimin səhifələrində görkəmli fırça ustası, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun rəsm əsərləri əks olunub.
Bank VTB-nin İdarə heyətinin sədri Yevgeni Kirin tədbiri açaraq Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib, öz əsərlərinin təqvimin səhifələrində yer almasına icazə verdiyi üçün rəssama təşəkkürünü bildirib. O deyib: “Qeyri-adi istedada malik olan rəssam dünya incəsənətində mühüm fiqurlardan birinə çevrilib. Tahir Salahovun təqvim üçün rəsmləri şəxsən seçməsi bizim üçün böyük şərəfdir”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, vergilər naziri Mikayıl Cabbarov, Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının rəhbəri Mixail Zabelin Tahir Salahovu yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıblar.
Tahir Salahov çıxış edənlərə onun yaradıcılığına verdikləri yüksək qiymətə görə təşəkkür edərək deyib: “Hər bir insan dünyada özündən sonra bir iz qoymalıdır. Nə qədər yaşayacağın mühüm deyil, əhəmiyyətli olan mənalı ömür sürməkdir”. Rəssam Bank VTB-yə xoş sürprizə görə təşəkkür edib.