Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” tamaşasının növbəti nümayişi Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun 65 illiyinə həsr olunub.
Tamaşanın nümayişindən əvvəl Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov Milli Qəhrəmanının keçdiyi döyüş yolundan danışıb. Bildirib ki, Koroğlu Rəhimov Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. N saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə komandir təyin olunub. 1992-ci ilin iyununda Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində iştirak edib. Həmin il iyulun 3-də tabeliyində olan bölük Koroğlu Rəhimovun əmri ilə Ağdərə istiqamətində hücuma keçib. Burada gedən qanlı döyüşlərdə K.Rəhimov şəhid olub.
Sonra tamaşa nümayiş olunub. “Xəcalət” tamaşasına Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
İkihissəli dramda rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Məzahir Cəlilov və aktrisa Xədicə Novruzlu ifa edib.
Səhnə əsərində bir ailənin timsalında müharibənin yaratdığı faciələrə, qaçqınlığın dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.
Nümayişdən sonra Xalq artisti Nurəddin Mehdixanlı Koroğlu Rəhimovun qəhrəmanlığı, millət, vətən sevgisi haqqında fikirlərini tamaşaçılarla bölüşüb, onu gənclik illərindən tanıdığını deyib.
Nurəddin Mehdixanlı Milli Qəhrəmanın oğlu Rəşad Rəhimovu səhnəyə dəvət edib. R.Rəhimov atası haqqında xatirələrini bölüşüb, tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkürünü bildirib.