“Azərbaycanfilm” kinostudiyasında Vladimir Dudniçenkonun 65 illik yubileyi qeyd olunub
Dekabrın 10-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Əməkdar incəsənət xadimi, bir çox filmlərin icraçı direktoru olmuş Vladimir Dudniçenkonun 65 illik yubileyi qeyd edildi.
Kinostudiyanın direktoru Müşfiq Hətəmov yubilyarı təbrik edərək Vladimir Dudniçenkonun kino fəaliyyəti və yaradıcılıq yolu haqqında danışdı. Qeyd olundu ki, həqiqətən də bu gün kinoda icraçı prodüserlərin rolu böyükdür. Çəkilən filmin taleyi xeyli dərəcədə məhz onlardan asılıdır: “Eksperiment aparıb bir neçə rejissoru filmə cəlb etmək olar. Amma film direktorunu seçərkən səhvə yol verə bilmərik. Bu, kinoda ən məsuliyyətli vəzifədir. Çəkilişlər zamanı bircə gün məsuliyyətsizlik və yaxud hansısa bir nöqsan baş verərsə, bu işin sonrakı bütün çətinliklərinə görə icraçı prodüser cavabdehlik daşıyır. Bu gün Azərbaycan kinosunda əsas problemlərdən biri də məhz işin düzgün qurulmamasıdır. Özəl kino şirkətləri buna görə bəzən ziyana düşür və filmi tam çəkib başa vura bilmirlər”.
Müşfiq Hətəmov vurğuladı ki, Vladimir Dudniçenko icraçı direktor kimi hər zaman ona verilən tapşırıqların öhdəsindən bacarıqla gəlib, işinə məsuliyyətlə yanaşıb: “Kinostudiyanın kollektivi adından onu təbrik edir, möhkəm cansağlığı arzulayıram”.
Əməkdar incəsənət xadimi, kino rəssamı Pərviz Quliyev, Əməkdar artist Ənvər Həsənov, kinostudiyanın direktor müavini Azər Quliyev, ümumi şöbənin müdiri Sevil Qasımova, texniki şöbənin əməkdaşı Validə Abdullayeva və digər çıxış edənlər də yubilyara təbriklərini çatdırdılar.
Bildirildi ki, Vladimir Dudniçenko kinostudiyada əmək fəaliyyətinə 1976-cı ildə başlayıb. Film direktoru kimi ilk işi 1979-cu ildə kinorejissor, Xalq artisti Eldar Quliyevin çəkdiyi “Babək” filmi olub. Daha sonralar “Yol əhvalatı”, “Qoca palıdın nağılı”, “Yay gününün xəzan yarpaqları”, “Dairə”, “Təxribat”, “Nə gözəldir bu dünya...”, “Küçələrə su səpmişəm”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” filmlərinin direktoru olub.
Fəaliyyəti, bacarığı, ətrafındakılara daim diqqət və qayğı ilə yanaşması ona kollektivin sevgisini qazandırıb. Bu gün kinostudiyada fəaliyyət göstərən gənc nəsil belə insanların təcrübəsini daima öyrənməli, mənimsəməlidir.
Sonda söz yubilyara verildi. Viktor Dudniçenko ona göstərilən diqqətə görə kinostudiyanın rəhbərliyinə və həmkarlarına minnətdarlığını bildirdi. Ötən illər ərzində birgə çalışdığı kino xadimlərini, tanımış rejissorlar Arif Babayevin, Teymur Bəkirzadənin, Rasim İsmayılovun xatirəsini ehtiramla yad etdi, bu gün kinostudiyada çalışan hər kəsə işində uğurlar arzuladı.
Lalə Azəri