Dekabr ayında Bakıda ilk zooparkın (heyvanat parkı) yaradılmasının 90 ili tamam olur. Bakı Şəhər Heyvanat Parkından verilən məlumata görə, arxiv sənədlərinə əsasən, şəhərdə keçən əsrin əvvəlindən başlayaraq heyvanat parkının yaradılması üçün müxtəlif təşəbbüslər olub, kiçik kolleksiyaları ilə fərqlənən özəl zooloji sərgilər (zoosirklər) fəaliyyət göstərib.

Həmçinin 1928-ci ilin dekabrından keçmiş Lunaçarski, indiki Nizami parkında bir guşə kimi zoobağ fəaliyyətdə olub. Bu tarix Bakıda heyvanat parkının yaradılma tarixi kimi qəbul edilir.

Müxtəlif zamanlarda məkanı dəyişdirilərək genişləndirilən zoopark 80-ci illərə qədər Bayıl qəsəbəsində bir hektar sahədə fəaliyyət göstərib. 1982-ci ildə həmin ərazidə torpağın sürüşmə təhlükəsi nəzərə alınaraq paytaxtın Nərimanov rayonundakı indiki yerinə köçürülüb. Zooparkın gələcək inkişafını təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2001-ci ildə burada ərazi artırılaraq 4,25 hektara çatdırılıb.

Hazırda Bakı Şəhər Heyvanat Parkı xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri siyahısına daxil edilərək qorunur. Park 1995-ci ildən Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür. Bu qurumda 20-dək ölkənin zooparkları təmsil olunur və onların bir qismi ilə əlaqələr qurulub.

1995-ci ilə qədər Bakı zooparkında 60 növdə 200 heyvan nümayiş olunurdu. Ötən illər ərzində burada heyvanlar aləmi daha da zənginləşdirilib. Balıqlar üçün akvarium, sürünənlər üçün terrarium, qırqovulların nümayişi üçün fazanarium ekspozisiyası yaradılıb.

Hazırda parkda 151 növə aid 1240-a yaxın heyvan mühafizə olunur. Heyvanat parkı əhalinin istirahət yeri olmaqla yanaşı, uşaqların canlılara, təbiətə və ətraf mühitə münasibətinin formalaşmasında mühüm rol oynayır. Digər tərəfdən, zooparkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondunun saxlanılması təmin edilir və çoxaldılaraq təbiətə buraxılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə zooparkda tam yenidənqurma və rekonstruksiya işləri aparılır.

Heyvanat parkının 90 illik yubileyi ilə əlaqədar olaraq 14 dekabr tarixində burada  “açıq qapı” günü elan edilib və zoopark hər kəs üçün pulsuz fəaliyyət göstərib.

Yubileylə əlaqədar Bakı Şəhər Heyvanat Parkında tədbir keçirilib, kollektivə Mədəniyyət Nazirliyinin təbrikləri çatdırılıb, gələcək fəaliyyətində uğurlar arzulanıb.