Moskvada A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu Tərəfdaşlıq Şəbəkəsinin II Assambleyası keçirilib.

25 ölkənin təmsil olunduğu tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Almaz Axundova da iştirak edib. O, şəbəkənin 2019-cu il üçün fəaliyyət planının müzakirələrində təmsil olunduğu qurumun təkliflərini səsləndirib. Bildirib ki, Bilik Fondu “Puşkin İnstitutu”nun “Rus dilinin səfirləri” layihəsinin İsmayıllı rayonunun İvanovka kəndində keçirilməsinə dəstək verməyə hazırdır. Fondun nəzdində fəaliyyət göstərən klubların üzvləri “Rus dilinin səfirləri” ilə görüşəcək, qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, müasir inkişafı barədə ətraflı məlumatlar verəcək, onlar üçün ekskursiyalar təşkil olunacaq. Təklif razılıqla qarşılanıb.

Assambleyada rus dili müəllimlərinin “Puşkin İnstitutu” Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin təşkil etdiyi ixtisasartırma kursları, rus dili üzrə sertifikasiya üçün test imtahanlarının keçirilməsi, birgə mədəni-kütləvi tədbirlərin təşkili, təhsil almaq və ya sahibkarlıqla məşğul olmaq məqsədilə Rusiyaya gedənlərə rus dilinin öyrədilməsi ilə bağlı müzakirələr aparılıb.