O, qısa ömründə bir çox uğurlu sənət yadigarlarına imza atdı. Sənətdə erkən parlasa da, sonra tale onu çətin sınaqlardan keçirdi. Əməkdar incəsənət xadimi, kinorejissor Lətif Səfərov “Bəxtiyar”, “Leyli və Məcnun”, “Qızmar günəş altında” filmləri ilə Azərbaycan kinosu tarixində iz qoydu.
Lətif Bəşir oğlu Səfərov 1920-ci il sentyabrın 30-da Qarabağımızın gözəl guşəsi Şuşada anadan olub. Atası dövlət qulluğunda çalışıb, dövrünün ziyalılarından sayılıb. Lətif dörd yaşında ikən evlərində narazılıqlar baş qaldırır, atası ailəsini tərk edir. Bir xalq məsəlində deyildiyi kimi, tale bir tərəfdən bağlayanda, bir başqa tərəfdən də qapı açır...
Tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin Lətif Səfərov haqqında tədqiqatlarında sənətkarın açılıb-bağlanan həyat qapılarından geniş söhbət açılır.
1927-ci ildə “Azərkino”nun ekspedisiyası “Tunc ay” adlı filmin çəkilişi ilə bağlı Şuşaya gəlir. Filmdə əsas rola çəkiləcək yeniyetmənin şuşalı uşaqlar arasından seçilməsi nəzərdə tutulur. Onlarla uşaq arasında ilk baxışdan cansız görünən, lakin itibaxışlı və hərəkətlərində çox çevik olan Lətifin üzərində dayanırlar. O, yeddi yaşında ikən kinoda ilk addımlarını atır. Film “Gilan qızı” adı ilə ekranlara çıxır.
Sonralar bu hadisəni xatırlayan Lətif Səfərov yazırdı: “Yeddi yaşım vardı. Azərbaycan kinematoqrafçıları “Gilan qızı” filminin bir sıra natura obyektlərini çəkmək üçün Şuşa şəhərinə gəlmişdi. Şəhərin nağıla bənzər mənzərəsi onları heyran etmişdi. Hər şey elə bundan başladı... Əgər onlar mənim şəhərimə gəlməsəydilər, bəlkə də həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım, xəstələri müalicə edərdim, müəllim olsaydım insanlara bilik öyrədərdim. Mənim qismətimə kinematoqraf düşdü. Özümü bütün ixtisaslara yiyələnmiş kimi hiss edirəm. Çünki bütün peşələrdən olan adamlara xidmət göstərirəm. Bunu dərindən dərk etdikcə, daha artıq məsuliyyət hiss edirəm...”
Uğurlu çəkilişdən sonra filmin heyəti Lətifi özləri ilə Bakıya aparmaq istəyir. Bu məqsədlə uşağın anası Maya xanımla məsləhətləşirlər. Gənc ana əvvəlcə oğlunu gözündən uzaqlaşmasına ürək eləmir. Amma Lətifin ilk uğuru ananı razılaşmağa vadar edir.
Lətif bir müddət rejissor Mikayıl Mikayılovun yanında çalışır. Sonra onun səyi ilə kinostudiyada aktyor ştatına qəbul olunur. O, günün birinci yarısında internat məktəbdə dərsə gedir, dərslərini qurtaran kimi işə qayıdırdı. Studiyada çalışanlar balaca aktyora məhəbbətlə, nəvazişlə yanaşır. O, heç gözləmədiyi ulduz həyatı yaşayır. 1928-ci ildə “Sevil” filminin çəkilişləri başlanır. Görkəmli dramaturq Cəfər Cabbarlının tövsiyəsi ilə Gündüz rolu Lətifə həvalə edilir. Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov kimi korifey sənətkarlarla bir sırada kamera qarşısında dayanır. 1930-cu ildə Mikayıl Mikayılov “Lətif” filmində onu baş rola çəkir. O, “Lətif”lə daha da məşhurlaşır.
Lakin hər şey birdən-birə dəyişir. Yeniyetmə aktyorun çəkilişlərində bir durğunluq yaranır. Nədənsə daha onu filmə çəkmirlər. Oynayacağı rollar başqa uşaqlara həvalə olunur. Demək olar ki, diqqətdən tamam kənarda qalır. Laqeydliyin buz kimi nəfəsi Lətifi pərişan edir. Bu sarsıntılardan sonra 1931-ci ildə ağır xəstəliyə (vərəm) tutulur. Təhsilinə də fasilə vermək məcburiyyətində qalır. Bərdəyə, anasının yanına qayıdır.
1935-ci ildə yenidən Bakıya gəlir. Amma yenə onu filmə çəkmirlər. Əvvəlcə kinodan getmək haqda fikirləşsə də, sonra bu fikrindən daşınır. Dublyaj şöbəsində fəaliyyətini davam etdirir. Bir çox ekran əsərlərinin səsləndirilməsində iştirak edir və böyük məktəb keçir. Görkəmli sənətkarlardan Səməd Mərdanov, Rza Təhmasib, Əlisəttar Atakişiyev, Sidqi Ruhulla, Rza Əfqanlı, Mustafa Mərdanov və Ələsgər Ələkbərovla çiyin-çiyinə çalışır. Bu işgüzarlıq ona çox şey öyrədir. Lətif yavaş-yavaş rejissor sənətinə meyl edir.
O, ali təhsil almaq qərarına gəlir. Sənədlərini Moskvadakı Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə verir və qəbul olunur. Ancaq bir il sonra müharibə başlayır, onu da cəbhəyə aparırlar. Amma səhhəti ilə bağlı ordudan tərxis olunur. Mülkü-tədris şöbəsində hərbi inspektor kimi çalışır. Müharibə başa çatdıqdan sonra təhsilini davam etdirmək məqsədilə Moskvaya dönür. Yenidən tələbəlik illərinin sevinci, üstəlik sevgi hissləri onu ağuşuna alır. Tələbə yoldaşı Faina Nikolayevna ilə ailə həyatı qurur. Bir oğlu, bir qızı olur. Qriqori Kozintsevin emalatxanasında təhsilini uğurla başa vurur. Diplom və müəlliminin verdiyi əla xasiyyətnamə ilə vətənə dönür. Gənc rejissora yaşamaq üçün kinostudiyanın həyətində kiçik bir otaq verirlər.
Öz zəhməti və məsuliyyəti ilə xariqələr yaradacağına inanan rejissor bir-birinin ardınca “Gənc leninçilər”, “Azərbaycan sərhədçiləri”, “Quba bağlarında” sənədli filmləri, eləcə də “Ordenli Azərbaycan” və “Gənc nəsil” kinojurnalları, Moskvadakı Mərkəzi xronika studiyası üçün süjetlər çəkir. İşinə o qədər aludə olur ki, ağciyərindəki problem və ailəsi diqqətdən kənarda qalır. O, həmkarlarını bir yaradıcı təşkilatda birləşdirməkdə ikən, xanımı uşaqlarını da götürüb Lətif Səfərovu tərk edir.
Rejissor “Bəxtiyar” filminin (1955) çəkilişləri zamanı tanınmış müğənni Şövkət Ələkbərova ilə rastlaşır. Onlar ailə qururlar və bir oğul övladları dünyaya gəlir.
1958-ci ildə Lətif Səfərov əsasını qoyduğu Kino İşçiləri İttifaqının sədri seçilir. İşçilərə, həmkarlarına qarşı həddən artıq tələbkarlığı kollektivdə narazılıq yaradır. Getdikcə öz yaratdığı Kinematoqrafçılar İttifaqında arzuolunmaz şəxsə çevrilir. Yeganə ümidi Moskvadakı müəllimi Q.Kozintsev olur və onunla tez-tez məktublaşır, Bakıdakı mühitdən, problemlərindən gileylənir. Müəlliminə mühitin onu hər tərəfdən məngənə kimi sıxdığından söhbət açır...
Ona növbəti film üçün görkəmli rejissor Həsən Seyidbəylinin “Möcüzələr adası” ssenarisi təklif olunur, lakin işini başa çatdırmağa süni problemlər yaradılır.
Səhhətindəki problemlər və sənətində qarşılaşdığı uğursuzluqlar, üzləşdiyi maneələr sənətkarı həyatdan usandırır. Son ssenarisini - “Azərbaycan möcüzəsi”ni vərəqlədikcə bütün kəşməkəşli həyatı bir kino lenti kimi gözündə canlanır.
1963-cü il dekabrın 9-u gecə saatlarında ov tüfəngini sinəsinə dirəyib tətiyi çəkir. Qəfil atəş qaranlıq gecənin bağrını yarır... Beləcə, böyük amallar uğruna köklənən sənətkar ömrü nakam qırılır.
Savalan Fərəcov