Vyanadakı “Austria Center Vienna” konqres mərkəzində BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının təşkilatçılığı ilə 50-ci “Beynəlxalq Festival – Bazar” xeyriyyə tədbiri keçirilib. “Uşaqlara yardım üçün birləşmiş əllər” devizi altında keçən xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış ediblər.
Hər il olduğu kimi, bu il də Azərbaycanın Avstriyadakı səfirliyi tədbirdə iştirak edib. Səfirliyimizin əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımızın xanımları tərəfindən hazırlanmış milli mətbəximizin ləziz xörək və şirniyyatları iştirakçılara təqdim edilib, milli suvenirlər guşəsində isə xalq sənəti nümunələri, eləcə də Azərbaycan şirkətlərinin məhsulları nümayiş olunub.