Opera və Balet Teatrında “Manon Lesko”nun premyerası olacaq

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko” opera tamaşasının premyerası olacaq.

Səhnə əsərində baş rolda (Manon Lesko) Əməkdar artist, “Humay” mükafatı laureatı Afaq Abbasova səhnəyə çıxacaq. Lesko partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, bu ölkənin Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Pyotr Primak dəvət olunub.

Digər rollarda Xalq artisti Əkrəm Poladov (Jeront de Ravuar), əməkdar artistlər Fərid Əliyev (Kavaler Qrie), Tural Ağasıyev (Edmond) və solist Fəhmin Əhmədli çıxış edəcəklər. Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

Baş qəhrəmanı canlandıran Afaq Abbasova bizimlə söhbətində bu operanın Azərbaycanda ilk dəfə olaraq tamaşa şəklində səhnələşdirildiyini bildirdi: “Üç il əvvəl biz əsəri Opera və Balet Teatrında Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim etdik. Bu dəfə isə opera-tamaşa kimi hazırlamışıq. Uzun müddətdir gərgin məşqlər gedir. Tamaşada teatrımızın aparıcı heyəti və böyük tərkibdə xor kollektivi çıxış edəcək. C.Puççininin ən çətin dram operalarından birində səhnəyə çıxmaq böyük məsuliyyət tələb edir. Bu tamaşa bütün dünyada opera sənətində öz sözünü demiş soprano və tenorlar tərəfindən ifa olunur. Gənc bir xanımın həyat dramından bəhs edən əsərin partiyaları heç də asan deyil. Sənətsevərləri 22 dekabrda keçiriləcək premyeraya dəvət edirik”.

Qeyd edək ki, “Manon Lesko” Cakomo Puççini yaradıcılığında xüsusi yeri olan əsərlərdən biridir. Operanın librettosu Antuan Fransua Prevonun Avropada çox populyar olan “Kavaler de Qrie və Manon Leskonun sevgi tarixçəsi” romanının motivləri əsasında yazılıb. Tamaşanın premyerası 1893-cü ildə İtaliyanın Turin şəhərində olub. İnanırıq ki, Bakı səhnəsində ilk tamaşa opera və ifaçılıq sənəti tariximizdə yaddaqalan hadisələrdən birinə çevriləcək.

Lalə AZƏRİ