Anarın “Ötən  ilin son gecəsi” pyesində bir məqam var. Yeni ilə iki-üç saat qalmış poçtalyon Həmidə xanımın qapısını döyüb təbrik teleqramını ona çatdırır. Həmidə xanımın cavanyana Yeni ili qarşılama həvəsi ömrünün ahıl çağını yaşayan poçtalyona qəribə gəlir. Qadına irad tutur ki, Yeni il “stilyaqa” cavanlar üçündür ki, səhərədək atılıb-düşsünlər.

Poçtalyonun tərifini verdiyi Yeni il şənliklərinə münasibət indi bir qədər fərqlidir. Məsələn, daha kimsə öz mənzilinə qohumları, dostları yığıb səhərədək qonşuları, yaxud evdəki uşaqları və qocaları narahat etmir. Sadəcə, hansısa əyləncə mərkəzində, yaxud istirahət məkanında özü kimi hay-küylü məclis quranlara qoşulub Yeni ili qarşılayır. Onlarla işimiz yox, bizim sözümüz “işdən yorğun gəlmişəm” bəhanəsi bayram tətilində kəsildiyindən ailəsi ilə birlikdə mədəni istirahət etməyə macal tapan, övladlarına klassik tətil yaşatmaq üçün teatrların qış tətili repertuarı ilə maraqlanan oxucularımızadır.

 

Əbədi qəhrəmanlar yenidən səhnədədir

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı davamlı olmasa da, bayram və tətil günlərində balaca musiqisevərləri sevindirir. Həm də təkcə balacaları yox. Məsələn, dekabrın 26-da balacaların çox sevdiyi “Şelkunçik” baleti axşam seansında, ayın 30-da isə gündüz (saat 14.00) göstəriləcək.

Yanvarın 5-də teatr P.Çaykovski və A.Martonun daha bir məşhur nağıl əsasında yazdıqları baleti – “Düyməcik” tamaşasını təqdim edəcək.

Əminik ki, hər iki tamaşa həm uşaqların, həm də valideynlərin xoşuna gələcək. Balacalar klassik rəqs sənəti ilə ünsiyyətdən zövq alacaqlar, siz də öz uşaqlıq illərinizə qayıdıb təəssüratınızı təzələyəcəksiniz.

 

Ninzalar Azərbaycan dilində danışır…

 

Akademik Milli Dram Teatrı ənənəvi olaraq builki Yeni il şənliyində yeni tamaşa ilə balacaların görüşünə gələcək. Teatr səkkiz gün (27, 28, 29, 31 dekabr və 1, 2, 5, 6 yanvar) hər gün dörd seans (saat 11.00, 13.00, 15.00 və 17.00) olmaqla “Ninza tısbağalar və kapitan Cekin macəraları”nı göstərəcək. Tamaşanın quruluşçu rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyevadır.

Tamaşanın biletləri hədiyyəlidir. Bəs necə? Axı, tamaşada Şaxba baba və Qar qız da iştirak edir. Onlar isə uşaqları hədiyyəsiz qoymaq istəmirlər.  

 

Cırtdan da Yeni ili teatrda qarşılayır

 

Azərbaycan Dövlət Musiqili Teatrı bu il balaca tamaşaçılarını “Cırtdanın Yeni il sərgüzəştləri” ilə tanış edəcək. Yoxsa elə bilirsiniz, bizim Cırtdan təkcə odun gətirmək üçün meşəyə gedəndə başına macəra gəlir? Gənc rejissor Ayla Osmanovanın öz müəllif tamaşası üçün seçdiyi sevimli nağıl qəhrəmanının başından bayramda da macəra əskik olmur...

Teatrın bayram tamaşaları dekabrın 28-də başlayıb yanvarın 6-dək hər gün dörd seans (saat 10.30, 12.30, 14.30 və 16.30) davam edəcək. Yeri gəlmişkən, Musiqili teatrda da biletlər hədiyyəlidir. Tamaşadan öncə Şaxta baba ilə Qar qız uşaqların bayramını təbrik edəcək.

 

“Santa Klaus” da burdadır, “Düyməcik” də…

 

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı balacalara iki tamaşa təklif edir: 22-23 dekabrda və yanvarın 5-də “Santa Klausdan Milad nağılı”, 30-31 dekabr və 1-2  yanvar tarixlərində göstəriləcək “Düyməcik” nağıl-tamaşası. Danimarkalı yazıçı Hans Xristian Andersenin məşhur “Düyməcik” nağılı əsasında Əməkdar mədəniyyət işçisi Vladimir Neverovun qələmə aldığı pyes Yeni il hədiyyəsi olaraq təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, xoreoqrafı Raulya Turkkan, rəssamları əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov və Olqa Abbasovadır. Tamaşa hər gün saat 12-də göstəriləcək. 

 

“Qar kraliçası” səhnəyə çıxırsa…

 

Dünya nəsri və dramaturgiyasında, eləcə də kino icad ediləndən bəri də bu sənətdə elə əsərlər var ki, onlar yalnız Yeni il bayramı ilə assosiasiya olunur. Belə əsərlərdən biri də H.X.Andersenin “Qar kraliçası” nağılıdır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dekabrın 28-dən etibarən Elşad Rəhimzadənin səhnələşdirib quruluş verdiyi nağıl-tamaşanı hər gün 3 və ya 4 seans olmaqla (saat 12.00, 14.00, 16.00, 18.00) təqdim edəcək. Yeniyetmələrin çox sevdiyi triller janrının elementlərindən istifadə edilmiş tamaşa təkcə məktəbəqədər və kiçikyaşlı məktəblilər üçün deyil, həm də 11-14 yaşlı teatrsevərlər üçün  maraqlı olacaq.

 

“Ağıllı dovşan”la tanışlıq Mingəçevirdə olacaq

 

Mingəçevir Dövlət Dram Teatrı da Yeni il bayramı günlərində şəhərin kiçikyaşlı tamaşaçılarını və məktəbliləri darıxmağa qoymayacaq. Onları Yelena Sokolovanın rus xalq nağılı əsasında səhnələşdirdiyi və Ayla Osmanovanın dilimizə çevirib quruluş verdiyi “Ağıllı dovşan”la tanışlıq gözləyir. Qorxaq kimi tanınan Dovşanın cəsarətli olmaq istəyi onu yeni macəralarla üzbəüz qoyur və o, dostu Kirpi ilə birlikdə bu sınaqlardan ağılın gücü ilə çıxır. Premyerası dekabrın 17-də oynanılmış “Ağıllı dovşan” yanvarın 6-dək repertuarda qalacaq.

 

Nağıllar arasında bir nağıl da var…

 

Dəcəl Maşa ilə səbirli Ayını kim tanımır ki? Onların başına gələnlərdən, daha doğrusu, Maşanın Ayının başına gətirdiyi oyunlardan kim xəbərsizdir ki? A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından aldığımız xəbərə görə, sevimli qəhrəmanların bir sərgüzəşti də var ki, onu hələ görməmişik. Məşhur animasiya serialının motivləri əsasında Anar Məmmədovun səhnələşdirib quruluş verdiyi tamaşa “Maşa və Ayının qış nağılı” adlanır.

Tamaşada hadisələr Yeni il bayramı günlərində, Şaxta baba və Qar qızın iştirakı ilə cərəyan edir. Balacaların sevimli Maşası isə ekrandakından bir qədər fərqli olacaq. Tamaşanın əsas ideyası dostlara qayğı, təbiətə sevgi aşılamaq, səmimi və fədakar olmağa çağırışdır. “Maşa və Ayının qış nağılı” dekabrın 26-dan yanvarın 6-dək, hər gün 4 seansda (12.00, 14.00, 16.00, 18.00) nümayiş olunacaq.

Kukla teatrının nəzdindəki “Oyuq” teatr-studiyası da bayram tədbirlərindən kənarda qalmayıb. Studiya “Şaxta babaya məktub” xeyriyyə aksiyası təşkil edir.

Dekabrın 25-də paytaxtdakı uşaq evi və internat məktəblərində yaşayan 50-60 uşağın Şaxta babaya ünvanladığı məktubdakı istəyi gerçəyə çevriləcək. İstək məktubundakı oyuncaqdan geyimədək bütün əşyalar Şaxta baba tərəfindən onlara hədiyyə ediləcək. Amma bu da hələ son deyil. Həmin gün teatrda “Oyuq”çular “İki meşənin nağılı” tamaşasını kiçik yaşından hər cür çətinliklə üzləşən yaşıdları üçün oynayacaqlar. Səhnələşdirənləri Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

 

Bu toy bir ayrı toydur...

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Bakı Uşaq Teatrı maraqlı, adı da qeyri-adi olan bir tamaşa hazırlayıb. Teatr balaca tamaşaçıları “Şaxta babanın toyu” tamaşasına dəvət edir. Özü də səhnədəki qəribə toy Yeni il ərəfəsində, yəni dekabrın 29-30-da Gədəbəy rayonunda çalınacaq. Yanvarın 2-də saat 11-də və 13-də isə tamaşa Bakıda, teatrın öz binasında göstəriləcək. Tamaşanın  quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltan, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu isə Könül Şahbazovadır.

 

Qar qızı kim xilas edəcək?

 

Şəki Dövlət Dram Teatrı məktəblilərin qış tətili günləri üçün “Qar qız və dəniz quldurları” adlı maraqlı macəra tamaşası hazırlayıb. Dekabrın 29-dan yanvarın 7-dək nümayiş olunacaq tamaşa uşaqların sevimli qəhrəmanını müxtəlif sınaqlardan keçirəcək və sonda dostluğun, ədalətin qələbəsi ilə başa çatacaq.

 

Çeburaşka Sumqayıtdadır

 

İllərdən bəri balacaların çox sevdiyi Çeburaşka adlı yarıgerçək-yarınağıl qəhrəman 2019-cu ili Sumqayıtda qarşılayacaq. Sumqayıt Dövlət Dram Teatrı builki Yeni il şənliyində uşaqları “Çeburaşkanın Yeni il sərgüzəştləri” tamaşasına baxmağa dəvət edir. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, tamaşa karnaval prinsipləri üzərində qurulub. Quruluşçu rejissoru Ayla Osmanova, rəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Çeburaşkanın və onun dostlarının başına Yeni ildə nələr gəldiyini bilmək üçün dekabrın 27-dən yanvarın 3-dək  yolunuzu Sumqayıt teatrından salın.

* * *

Əziz valideynlər, bu yazını sizin üçün hazırladıq. Ona görə bəzi tamaşaların qısa məzmununu da açıqladıq ki, övladlarınızı teatra getməyə həvəsləndirəsiniz. Amma tamaşada nələri görəcəklərini əvvəlcədən onlara deməyin...

Yeni il tətili günlərində xoş və mədəni istirahət diləyi ilə

Gülcahan MİRMƏMMƏD