Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb. Prodüser Tofiq Musayevin verdiyi məlumata görə, hazırda film üzərində tamamlanma işləri gedir. İlk mərhələdə filmin mətn düzülüşü həyata keçirilir. Mətn düzülüşü üzrə mütəxəssis Eldəniz Rəsulov və filmin yaradıcı heyəti hazırda bu işin üzərində çalışırlar.
Qeyd edək ki, ironik-komediya janrında film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.
Filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımovdur.
Lalə