Paytaxtımızda növbəti xarici diplomatik nümayəndəlik – Çili Respublikasının səfirliyi fəaliyyətə başlayıb. Diplomatik nümayəndəlik Kolumbiyanın ölkəmizdəki səfirliyinin ofisində fəaliyyət göstərəcək.
Kolumbiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfirlik öz ofisinin bir hissəsini Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Qabriel Leopoldo Xara Maldonadoya təqdim edib.
Qeyd edək ki, Kolumbiya, Çili, Meksika, Peru Sakit Okean Alyansı olaraq beynəlxalq müstəvidə əməkdaşlıq şəklində fəaliyyət göstərir. Çilinin diplomatik nümayəndəliyinin fəaliyyətə başlaması ilə Sakit Okean Alyansı tam olaraq ölkəmizdə təmsil olunacaq.
Kolumbiya səfirliyinin mətbuat açıqlamasında vurğulanır ki, Kolumbiya, Çili, Meksika və Perunun diplomatik nümayəndəlikləri Azərbaycanda təkcə ikitərəfli münasibətləri deyil, həm də bölgənin maraqlarını gücləndirəcəklər.
Xatırladaq ki, Azərbaycanla Çili arasında diplomatik münasibətlər 1995-ci ilin 11 yanvarında qurulub. 2014-cü ildə Azərbaycanın Çilidə diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb. Çili Respublikası indiyədək ölkəmizlə diplomatik əlaqələrini Türkiyədəki səfirliyi vasitəsilə həyata keçirirdi.