Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində azərbaycanlı alim, fəlsəfə elmləri doktoru Camal Mustafayevin xatirəsi anılıb.
Tədbir Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi və Gürcüstan Aşıqlar Birliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev professor Camal Mustafayevin elm və təhsil sahəsində xidmətlərindən söhbət açıb.
Bildirilib ki, Camal Mustafayev 1928-ci ildə Qardabani rayonunun Kosalı kəndində anadan olub və 2017-ci ildə dünyasını dəyişib. Onun elmi əsərləri, monoqrafiya və məqalələri bu gün də fəlsəfə elmi ilə məşğul olanlar üçün zəngin məlumat mənbəyidir.
Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri, şair Rafiq Hümmət, qocaman jurnalist Emin Elsevər, Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, şairlərdən Elbəyi Calaloğlu, Şövkət Dağlarqızı və başqaları çıxış edərək Camal Mustafayevlə bağlı xatirələrini, alimin fəlsəfi əsərləri barədə fikirlərini bölüşüblər.
Çıxışlarda alimin irsinin Gürcüstan universitetlərində və kənd məktəblərində təhsil alan azərbaycanlı tələbə və şagirdlər arasında təbliğ edilməsi, Kosalı kənd ictimai məktəbinə onun adının verilməsi təklifləri səsləndirilib.