2018-ci il xalqımızın tarixində şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə keçirilməsi ilə yaddaşlarda qalacaqdır. Belə əlamətdar yubileyin təntənə ilə qeyd edilməsi həmvətənlərimizin qəlbində azadlıq və istiqlal duyğularını, ölkəmizin zəngin tarixi ilə haqlı iftixar hissini daha da gücləndirir. Bu gün əminliklə demək olar ki, 100 il əvvəl mühacir həyatı yaşamağa məcbur olmuş Cümhuriyyət qurucularının və onların varislərinin Azərbaycanı müstəqil və qüdrətli dövlət kimi görmək arzuları artıq xoş gerçəkliyə çevrilmişdir.
Bu sözlər Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə soydaşlarımıza təbrik müraciətində yer alıb.
Müraciətdə vurğulanır ki, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarını yaşadan müstəqil dövlətimiz milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir. Qeyd olunur ki, dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir. Ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları da artır: “Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır. Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Soydaşlarımız da, öz növbəsində, yaşadıqları ölkələrin yüksək dairələrinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldilməsində, tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirməlidirlər. Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməlidir”.