68 il əvvəl ağ-qara lentə alınaraq dünyanı dolaşan film artıq rəngli formatda kinosevərlərin görüşünə gəlir
Dekabrın 20-də Üzeyir Hacıbəylinin ev-muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” filminin (1945) təqdimatı keçirildi.
Üzeyir bəyin ölməz operettası 1945-ci ilədək dəfələrlə səhnəyə qoyulmuş, həmçinin ekranlaşdırılmışdı. 1945-ci ildə Bakı kinostudiyasında rejissorlar Rza Təhmasib və Nikolay Leşenkonun quruluşunda, ağ-qara formatda lentə alınan film isə dünya şöhrəti qazandı. Filmdə Rəşid Behbudov, Leyla Bədirbəyli, Mirzağa Əliyev, Fatma Mehrəliyeva, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev kimi korifey sənətkarlarımız rol alıblar. Ekran əsəri indiyədək 86 dilə tərcümə edilərək dünyanın 136 ölkəsində nümayiş etdirilib.
Bundan sonra isə ölkəmizdə və xaricdə kinosevərlər, Üzeyir sənətinin pərəstişkarları bu möhtəşəm ekran əsərini rəngli formatda və yüksək vizual keyfiyyətdə seyr edə biləcəklər. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə film ABŞ-da, dünya kino sənayesinin əsas mərkəzlərindən olan “Hollywood”da bərpa edilərək rənglənib. Rənglənmə və bərpa işi doqquz ay müddətinə həyata keçirilib. Bu prosesdə iştirak etmiş “Peachline” reklam şirkətinin əməkdaşı Aytən İsmixanova bərpa və yenilənmə işinin özəllikləri barədə məlumat verdi.
Bildirdi ki, rənglənmə zamanı geyimlərin, xalçaların və digər bəzək əşyalarının orijinal rənglərinin tapılıb yerinə qoyulmasında müəyyən çətinliklər yaranırdı: “Amma peşəkar komandamız bunun öhdəsindən gəldi”.
Qeyd olundu ki, “Arşın mal alan” filminin bərpa olunması və rənglənməsi layihəsi üzərində Asiya, Avropa ölkələrindən və ABŞ-dan ümumilikdə 157 nəfər çalışıb. Bu heyətdə “Oskar” mükafatı laureatı olmuş peşəkar mütəxəssislərlə yanaşı, Azərbaycanın kino işçiləri də olub.
Tədbirdə o da vurğulandı ki, “Arşın mal alan” filminin bərpa olunması və yenilənməsi operettanın 100 illiyinə ən qiymətli hədiyyədir. Sonra rəngli “Arşın mal alan” tamaşaçılara təqdim olundu.
Fariz Hüseynov