Ölkə başçısının 2018-ci il 29 avqust tarixli sərəncamı ilə yeni tərkibi təsdiq edilmiş UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının görüşü keçirilib.

Komissiyanın sədri, xarici işlər naziri Elmar Məmmədyarov 2018-ci ildə təşkilatla dinamik əməkdaşlığın həyata keçirildiyini bildirib, bu prosesdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək il ərzində qurumla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər, qarşılıqlı səfərlər barədə məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”nin 2018-ci ildə 10 ilinin tamam olduğunu, dövlətimizin başçısının müvafiq sərəncamına uyğun olaraq “Bakı Prosesi”nin yubileyinin  beynəlxalq səviyyədə qeyd edildiyini və UNESCO ilə birgə tədbirlərin keçirildiyini bildirib. O, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Azərbaycanda və xarici ölkələrdə bir sıra tədbirlərin həyata keçirildiyini, o cümlədən Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin UNESCO-nun baş qərargahında və Almaniyada qeyd olunduğunu diqqətə çatdırıb. Baş katib, həmçinin Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə təşkilatın baş qərargahında, İtaliyada, Türkiyədə və Almaniyada muğam konsertlərinin təşkil olunduğunu qeyd edib.

Bildirilib ki, 2018-ci ildə ölkəmiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. Hökumətlərarası Komitənin noyabr ayında Mavriki Respublikasında keçirilən 13-cü sessiyasında “Çövkən ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabat qəbul olunub. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdimatı ilə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

E.Sultanov 2019-cu ildə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 ilinin tamam olacağını, təşkilatın baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd ediləcəyini  bildirib və qarşıda duran digər məsələlər barədə məlumat verib.

Görüşdə komissiya üzvlərinin iştirakı ilə müzakirə və fikir mübadiləsi aparılıb.