Ölkəmizin Ukraynadakı səfirliyi Dnepr şəhərində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu orta məktəbinə tədrisdə istifadə olunacaq dərsliklər, kitablar hədiyyə edib.
Səfirliyin müşaviri Vüsal Süleymanov dekabrın 26-da orta məktəbə gedərək sovqatı təqdim edib. Bundan başqa, Azərbaycan milli musiqisinin təbliği məqsədilə musiqi alətlərinin incisi sayılan tar da məktəbə hədiyyə olunub. O, Ukraynada yaşayan soydaşlarımıza Azərbaycan dili və tarixinin tədris olunmasının, milli musiqimizin təbliğinin vacibliyini qeyd edərək səfirliyin bu işdə diaspor təşkilatlarımıza dəstək verməyə hazır olduğunu deyib.
“Dnepropetrovsk Azərbaycanlıları Liqası”nın təşəbbüsü ilə yaradılmış Azərbaycan dili həftəsonu orta məktəbi 11 ildir fəaliyyət göstərir. Hər tədris ilində burada təxminən 40-50 azərbaycanlı təhsil alır.