Meksikanın ölkəmizdəki səfirliyi Bakı şəhərində yerləşən 6 nömrəli məktəbdə Milad şənliyi keçirib. Mərasim təhsil ocağının təşkil etdiyi və dünyanın müxtəlif ölkələrinin mədəni nümunələrinə həsr olunmuş “Mədəniyyət günü” tədbiri çərçivəsində baş tutub.

Tədbirdə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxış edərək Meksika, onun mədəniyyəti və adətləri, ələlxüsus da hər il Milad bayramı ərəfəsində qeyd edilən şənliklərdən söz açıb.

Bildirib ki, bu mərasimlər İsanın doğulmasından qabaq Məryəm və Yusifin Bethlehem həccini anmağa həsr olunur. Mərasimlər 16-24 dekabr tarixində keçirilir və burada iştirak edənlər iki qrupa bölünür. Birinci qrup Məryəm və Yusifi, digəri isə onları qonaq edənləri canlandırırlar. Hər iki qrup litaniyalar (dualar) oxuyur, şam və benqal fişənglərini yandırırlar. Bu mərasimdən sonra hər biri böyük günahı əks etdirən yeddi guşəli pinyata (içində hədiyyələr olan oyuncaq) parçalanır və hədiyyələr uşaqlara paylanır. Bu mərasim insanın nəfsinə qalib gəlməsini simvolizə edir. Şənliyin sonunda qonaqlar Meksikanın milli yemək və içkilərini dadırlar. 

Məktəbin şagirdləri Meksika rəqslərini təqdim ediblər və Meksikanın Milad adəti  olan pinyatanın parçalanması mərasimini nümayiş etdiriblər.

LALƏ