Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Xarici İşlər Nazirliyi yanında UNESCO üzrə Milli Komissiyanın maliyyə dəstəyi ilə “Assosiativ məktəblər şəbəkəsi”nə üzv Azərbaycan məktəblərində UNESCO dəyərlərinin və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi ilə bağlı layihə həyata keçirib.
İnstitutun beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov bildirib ki, layihə çərçivəsində Bakı şəhər 44 və 181 nömrəli, Sumqayıt 14 nömrəli, Gəncə 4 nömrəli və Mingəçevir 10 nömrəli tam orta məktəblərdə “Dünyanın ən böyük dərsinə giriş”, UNESCO-nun və onun “Assosiativ məktəblər şəbəkəsi” layihəsi (ASPnet) və ASPnet məktəblərinin ictimaiyyətlə əlaqələr, sosial şəbəkələrlə iş və təşviqat sahəsində bilik və bacarıqların artırılması mövzularında təlimlər və seminarlar keçirilib. 44 nömrəli məktəbdə keçirilmiş təlim-seminarda paytaxtda yerləşən digər ASPnet məktəblərinin əlaqələndiriciləri də iştirak ediblər.