Yaradıcı kollektivlər yanvarın ilk günlərini daha çox bayram tamaşa-şənliklərinə ayırsalar da, yeni səhnə əsərləri üzərində də iş gedir
Qəzetimizin ötən ildəki son sayında qeyd etdiyimiz kimi, teatrlar ənənəvi olaraq yeni təqvim ilinin ilk həftəsini daha çox uşaqlara ayıraraq repertuarları bu yöndə tərtib edirlər. Amma uşaqlara bayram əhvalı bəxş edən məxsusi diqqətlə bərabər böyüklərin mədəni istirahəti, sənət zövqü də unudulmur. Teatrlarda 7-dən 70-ə ən müxtəlif sənət zövqü üçün yeni səhnə əsərlərinin hazırlıqları da, təzə ilin yaradıcılıq planları da bundan xəbər verir...
Öncə elə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından başlayaq. Teatrda dekabrın son günlərində başlanan “Qış nağılı” – Yeni il şənliyi bu günlər də (gündə bir neçə seansla) davam edir. Teatrdan bildirilib ki, 2019-cu ildə hazırlanacaq tamaşaların planları da tərtib olunub. Bu il teatrda dörd yeni tamaşanın hazırlanması nəzərdə tutulub. İl ərzində kollektiv müxtəlif festivallara dəvət də gözləyir, qastrol səfərlərinə də hazırlaşır.
Xatırladaq ki, Kukla teatrında ötən il təhvil verilən “Əlibaba və qırx quldur”, “Piter Pen”, “Şəngülüm, Məngülüm” tamaşaları repertuarda özünə yer qazanıb. Yaradıcı heyət apreldə İranın Məşhəd şəhərində, sentyabrda Rusiyanın Həştərxan şəhərində, oktyabrda Moskvada beynəlxalq festivallara qatılıb.
* * *
Ötən il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün də uğurlu premyeralar, müvəffəqiyyətli qastrol səfərləri ilə yadda qalıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 2018-ci il ərzində ümumilikdə doqquz tamaşa hazırlanıb. Rusiya-Azərbaycan teatr əlaqələrinə töhfə olan “Sinif yoldaşları” tamaşası (əsərin müəllifi – Yuri Polyakov, quruluşçu rejissoru – teatrın bədii rəhbəri-direktoru, Xalq artisti Azərpaşa Nemətov) xüsusilə maraq doğuran səhnə əsərlərindəndir. Əli Əmirlinin eyniadlı əsəri əsasında qurulan “Ah, bu uzun sevda yolu” tamaşası Mikayıl Müşfiqin 110 illiyinə həsr olunub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi “İuda” tamaşası ilə Qazaxıstanda, “Manqurt” tamaşası ilə Qırğızıstanda, “Cəhənnəm sakinləri” tamaşası ilə Türkiyədə qastrol səfərlərində olub. İl ərzində Balakən, Zaqatala, Qax və Şamaxıya da qastrollar təşkil olunub.
* * *
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı üçün də ötən il məhsuldar olub. Sənət ocağının mətbuat xidmətindən bildiriblər ki, il ərzində üç yeni tamaşanın premyerası keçirilib.
Fevral ayında Qara Qarayev və Fərəc Qarayevin “Qoyya” baletinin tamaşası təqdim edilib. Balet dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə səhnələşdirilib. Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovun “Cavad xan” baleti (may) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar səhnəyə qoyulub. Dekabrda isə italyan bəstəkarı Cakomo Puççininin “Manon Lesko” operasının premyerası keçirilib.
Opera və Balet Teatrının solistləri bir sıra ölkələrdə uğurla çıxış ediblər. Həmçinin teatrın səhnəsində Rusiyanın Akademik Böyük Teatrı, Mixaylovski Teatrı və başqa teatrlardan, eləcə də Belarus, Ukrayna, Türkiyə, Gürcüstan və İtaliyadan gəlmiş sənət ulduzları da alqışlanıb. İtaliyanın Azərbaycandakı səfirliyi ilə mədəni əməkdaşlıq proqramı həyata keçirilib, bu ölkədən dəvət olunmuş balet qrupu xüsusi konsertlə teatrda çıxış edib.
2019-un yaradıcılıq planlarına gəlincə, bu il Frans Şubertin “Dahi hekayəçi” baletinin, Qelsyat Şayqulovanın “Kleopatra” baletinin, Sergey Prokofyevin “Monastırda nişanlanma” operasının səhnəyə qoyulması nəzərdə tutulur. Teatrın Serbiya Opera Teatrı ilə əlaqələri yaranıb. Mart ayında serbiyalı vokalçı ilk dəfə teatrın tamaşasında səhnəyə çıxacaq.
* * *
Azərbaycan Dövlət Musiqili Teatrı ötən il İranda keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında “Ər və arvad” komediyasını təqdim edib. Təbriz Teatrının rəhbəri, aktyor və rejissor Babək Nəhreyn Novruz bayramı günlərində konsert proqramı ilə teatrın səhnəsində çıxış edib. Bakıda keçirilən İran mədəniyyəti günləri çərçivəsində Titovak Teatrının aktyorlarının iştirakı ilə “İlahi komediya. Cəhənnəm” tamaşası nümayiş olunub. Ötən il teatr “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyasını təqdim edib.
Cümhuriyyətin 100 illiyi münasibətilə “Nuri-didə Ceyhun” (müəllif Əli Əmirli, rejissor Mehriban Ələkbərzadə) tamaşası hazırlanıb, “Qodonun intizarında” (F.Qarayev, S.Bekket) absurd tamaşasının premyerası da sənət aləmində böyük əks-səda doğurub. Teatr Yeni il bayramı günlərində balaca tamaşaçıların görüşünə “Cırtdanın sərgüzəştləri” nağıl-pyesi (rejissor Ayla Osmanova) ilə gəlib. 2019-cu ildə premyeraları nəzərdə tutulan “Balaca şahzadə”, “Çarəsiz sərnişinlər”, “Buratino” tamaşalarının məşqləri gedir.
* * *
2018-ci il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün 90 illik yubileylə yadda qaldı. Yubiley ilində Əməkdar artist Nicat Kazımovun quruluşunda “Bremen musiqiçiləri” və teatrın baş rejissoru Bəhram Osmanov tərəfindən quruluş verilən “Don Kixot” tamaşası repertuara daxil oldu.
2019-cu ildə kollektiv teatrsevərlərə yeni tamaşalar da təqdim edəcək. Bu sırada E.Şmidtin “Tanrıya 14 məktub” əsərinin səhnələşdirilməsini (rejissor Nicat Kazımov) qeyd edə bilərik.
* * *
Yanvarın ilk həftəsində Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar üçün “Düyməcik” (V.Neverov) tamaşasının premyerası davam edir. Teatr yanvar ayında repertuarındakı səhnə əsərlərindən savayı, yeni tamaşa – N.Qoqolun “Evlənmə” əsərinin premyerasını da təqdim edəcək.
* * *
Yanvarın 6-da Yuğ Dövlət Teatrı ilin ilk tamaşasını təqdim edəcək. Yapon yazıçısı R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verib.