“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin “Nil Mədəniyyət” dövlət televiziya kanalının “Mənim gecəm” proqramının qonağı olub.
Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq siyasətindən söhbət açan alim hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmasından danışıb.
O, rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən bəhs edərək bildirib ki, Azərbaycan diasporu iki ölkə arasında əlaqələrin inkişafına çox böyük töhfələr verib. 2018-ci ildə 600-dən çox misirli tələbəyə Azərbaycan dili tədris edilib, hazırda Qahirədəki diaspor mərkəzində 17 ölkədən 180-dən çox tələbəyə müxtəlif fənlər ödənişsiz tədris olunur.
S.Nəsirov Azərbaycan xalqının tarixi faciələrindən, ölkəmizdəki multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən də söhbət açıb.
Qeyd edək ki, S.Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir.