Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası “Şaxta babaya məktub” adlı xeyriyyə aksiyası keçirib. İl ərzində müxtəlif sosial aksiyalar, tamaşa və konsertlərlə həmyaşıdlarını sevindirən “Oyuq”çular ilin sonunu, Yeni il həyəcanını da yaddaqalan edib.
Aksiyada paytaxtın uşaq evi və internat məktəblərində yaşayan uşaqların Şaxta babaya ünvanladıqları məktublardakı rəngarəng arzuları reallaşdırılıb. Təşkilatçıların ünvanına göndərilən onlarla istək məktubundakı oyuncaqdan geyimə bütün əşyalar alınaraq tədbir günü Şaxta baba tərəfindən onlara təqdim olunub.
Unudulmaz günün premyerası isə maraqlı ideyası və səhnə yozumu ilə “İki meşənin nağılı” tamaşası olub. Tərtibatçıları Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə olan tamaşada uşaqlara sevimli nağıl qəhrəmanlarının səhnə çələngi təqdim olunub.