Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasında keçirilən Fəcr Beynəlxalq Teatr Festivalına dəvət alıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, festival çərçivəsində “Bir səbət tənhalıq” tamaşası Ərdəbil şəhərində yanvarın 8-9-da təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, işıq üzrə rəssamı Vadim Kuskovdur. Musiqi tərtibatı İradə Muradovaya, səhnə tərtibatı Zəminə Orucovaya aiddir. Rolları Əməkdar artist Güşvər Şərifova, aktyor Anar Seyfullayev canlandıracaq.
Səhnə əsəri əbədi tənhalıq ideyasını müxtəlif baxış bucaqlarından göstərir. Qəhrəmanlar tənhalığın əziyyətini çəkirlər, lakin həyatdan ümidlərini üzməyiblər və hər biri öz könül şahzadəsini gözləyir. Xoşbəxtliyin onların da evlərinə daxil olacağına ümidləri var.
Məcid Vahidzadənin pyesi əsasında 2013-cü ildə səhnələşdirilən tamaşa 2014-cü ildə Türkiyədə beynəlxalq festivalda diploma layiq görülüb.