Dağlıq Qarabağın azərbaycanlı icması Azərbaycanın işğal olunmuş ərazilərində çəkilən “Gate to Heaven” (“Cənnətə aparan yol“) adlı filmin prodüserlərinə etiraz məktubu ünvanlayıb.

Bu barədə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən məlumat verilib. Erməni diasporunun dəstəyi ilə çəkilən filmin prodüserlərindən biri litvalı Kestutis Drazdauskasdır.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev məktubda vurğulayır ki, Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində çəkilən bu filmi “Cəhənnəmə aparan yol” kimi adlandırmaq daha doğru olardı: “Çünki çəkilişin aparıldığı ərazilər güc tətbiqi nəticəsində işğal edilib və tarixən orada yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi qovulub”.

Müraciətdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin, Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonun işğal edildiyi, Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlı əhalinin etnik təmizləməsini həyata keçirdiyi, bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşdüyü diqqətə çatdırılır. Bildirilir ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının 80 mindən çox üzvü 30 ildən çox müddət ərzində Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşamaqdadır. Məktubda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı faciənin dəhşətləri də xatırladılır.

Qeyd olunur ki, Azərbaycanın işğal olunmuş torpaqlarında film çəkilməsi təşəbbüsü bölgədə separatizmi dəstəkləməklə bərabər, Ermənistanın hərbi təcavüzü nəticəsində məcburən öz torpaqlarından qovulmuş minlərlə azərbaycanlının əsas insan hüquqlarının (öz vətənlərində yaşamaq hüququ, mülkiyyət hüququ və s.) kobud şəkildə pozulmasına göz yumulmasıdır: “Əslində, qeyd olunan filmin çəkilişində iştirak etməklə, siz, Azərbaycan ərazilərinin işğalının möhkəmlənməsinə şüurlu şəkildə kömək etmiş olursunuz”.

Azərbaycanlı icması Dağlıq Qarabağ bölgəsinə ən qısa zamanda qayıdışına inanaraq, bu təşəbbüsə qoşulan bütün şəxsləri Azərbaycan ərazilərinin işğalı, separatizmin dəstəklənməsi və təşviq edilməsini dayandırmağa çağırır. Vurğulanır ki, bu cür layihələr deyil, əksinə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni icmasının azərbaycanlılarla birgəyaşayışına dair filmlərin çəkilməsi ideyası regionda sülh, sabitlik, tərəqqi və davamlı inkişafa töhfə verə bilər.