İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İSESCO İslam ölkələri mədəniyyət nazirləri konfransının qətnaməsinə uyğun olaraq 2019-cu ili “İslam mədəni irsi ili” elan edib. Bu barədə müvafiq qərar 2017-ci ilin noyabrında Sudanın paytaxtı Xartumda 10-cu İslam ölkələri Mədəniyyət nazirləri konfransında qəbul olunmuşdu.
Təşkilatın saytında bu münasibətlə yayılan bəyanatda İSESCO üzv dövlətləri “İslam mədəni irsi ili”nin qeyd edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb. Təşkilat, həmçinin maddi və qeyri-maddi mədəni irsin xalqların tarixi yaddaşının və adət-ənənələrinin qorunub saxlanılmasında əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, İslam dünyası müsəlman ölkələrinin və onların dünyanın digər mədəniyyətləri ilə qarşılıqlı fəaliyyətinin, həmçinin yaradıcı ziyalıların - alimlərin, şairlərin, yazıçıların, rəssamların, memar və ənənəvi sənət ustalarının məhsuldar əməyinin bəhrəsi olan zəngin və rəngarəng mədəni irsə malikdir.
“İslam mədəni irsi ili” çərçivəsində müsəlman ölkələrində mədəniyyətin inkişafına töhfə olan tarixi-memarlıq abidələrinin, rəssamlıq şedevrlərinin, əlyazmaların, sikkələrin, İslam rəmzləri və müasir detalların təbliğinə xüsusi diqqət yetiriləcək. İSESCO eyni zamanda bir çox maddi və qeyri-maddi irs nümunələrinin “İslam dünyası mədəni irs siyahısı”na daxil edilməsini təklif edir.
Bununla yanaşı, il ərzində sözügedən mövzuya həsr olunmuş “açıq qapı” günləri keçiriləcək. İSESCO ekstremistlərin, sektant və terrorçuların fəaliyyəti nəticəsində münaqişə zonalarında təhlükə altında qalan zəruri sənədlərin qorunması ilə də məşğul olacaq. Təşkilat, həmçinin maddi və qeyri-maddi mədəni irs sahəsində mütəxəssislərin hazırlanması, onların peşə, texniki və elmi bilik və bacarıqlarının artırılması üçün müsəlman ölkələrinə müraciət edib.
2019-cu ildə “İslam mədəniyyətinin paytaxtları”
Qeyd edək ki, İSESCO-nun ənənəvi layihəsi olan “İslam mədəniyyətinin paytaxtı”nın 2019-cu il üçün ev sahibləri də məlumdur. Təşkilatın saytında yer alan məlumata görə, bu il Ərəb regionu üzrə Qüds (Fələstin) və Tunis (Tunis Respublikası), Asiya regionu üzrə Bandar-Seri-Beqavan (Bruney Sultanlığı), Afrika regionu üzrə Bissau (Qvineya Bissau Respublikası) “İslam mədəniyyətinin paytaxtı” adını daşıyacaq. İSESCO 2005-ci ildən reallaşan proqrama əsasən, hər il müvafiq regionlar üzrə üç şəhəri “mədəniyyət paytaxtı” elan edir. 2019-cu ildə Tunisdə 11-ci İslam ölkələri Mədəniyyət nazirləri konfransının keçiriləcəyi nəzərə alınaraq istisna kimi Ərəb regionu üzrə iki şəhər “paytaxt” elan olunub.
Xatırladaq ki, 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” adını Azərbaycanın Naxçıvan şəhəri (Asiya regionu üzrə), həmçinin Bəhreynin Əl-Muharraq və Qabonun Libervil şəhərləri daşımışdı. 2020-ci ildə bu missiyanı Misirin paytaxtı Qahirə, Özbəkistanın Buxara və Mali Respublikasının Bamako şəhərləri qəbul edəcək.