Gürcü yazıçısı Gela Dumbadzenin “Məhşər günü” əsəri əsasında Yuğ Dövlət Teatrında səhnələşdirilən eyniadlı tamaşanın növbəti nümayişi yanvarın 18-də olacaq.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq birhissəli səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. Rolları Əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə ifa edəcək. Musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı Mikayıl Mikayılovdur. Əsəri Azərbaycan dilinə Nəriman Əliyev tərcümə edib.
Tamaşa uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Sonda içində kök salmış təkəbbürü, xudbinliyi tədricən məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır.