Yanvarın 26-da Marionet Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası əsasında hazırlanan marionet tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjimançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Qeyd edək ki, müsəlman Şərqinin ilk operası olan “Leyli və Məcnun”un bu günlərdə 111 yaşı tamam olur. Səhnə əsəri ilk dəfə 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25 yanvar) nümayiş olunub.
“Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində iş gedib, premyera 2016-cı ilin dekabrında keçirilib. Marionet Teatrı həmin vaxtdan İçərişəhərdə, Müslüm Maqomayev 20 ünvanındakı tarixi binada fəaliyyət göstərir.