Pravoslav xristianların Milad bayramı yanvarın 7-də Azərbaycanda da – Bakıda və müxtəlif rayonlarda qeyd olunub.

Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində keçirilən mərasimə ölkəmizin şimal rayonlarında yaşayan pravoslav xristianlar qatılıb. Onlar kilsədə dini ayinlər həyata keçirib, dualar oxuyublar.

Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki oxunub. “Xaçmaz Rayon Rus İcması” İctimai Birliyinin sədri Azər Panamarçuk İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramını hər il yüksək səviyyədə qeyd etdiklərini bildirib.

Dini ayinlərin icrasından sonra bayram şirniyyatları paylanılıb.

Milad bayramı ilə əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində ibadət mərasimləri keçirilib.