XXI əsrin ikinci onluğunu xırdalayıb qurtarmaqdayıq. Köhnə dünyanın sevgilərindəsə yenilik yoxdur: sevənlərə münasibət – həmənki; özününkünə bənzəməyən münasibətə baxış – yenə də çəpəki; toplumun yasaq “cızığından” çıxanlara təpki də – acıdan acı, ağırdan ağır!.. Əgər belə olmasaydı, XX əsrin ikinci yarısının ən kədərli eşq əhvalatlarından biri – Təhminə ilə Zaurun sevgisi ehtirasdan yaranan və soyuyan ötəri sərgüzəşt kimi qarşılanmazdı!..
* * *
Ötən teatr mövsümünün sonunda S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Anarın məşhur əsəri (“Təhminə və Zaur” – “Beşmərtəbəli evin altıncı mərtəbəsi”) əsasında hazırladığı yeni tamaşanı təqdim etdi və mövzu, sonluq bizə nə qədər tanış olsa da, skeptiklərin şübhəsinə rəğmən repertuarda möhkəmləndi.
Əminliklə deyə bilərik ki, “Yuxularımdan çəkil” adı ilə təqdim edilən tamaşa bu əsərin indiyədək gördüyümüz səhnə və kino variantlarından fərqlidir. Bəli, “Yuxularımdan çəkil” bir zamanlar teatr səhnəsi və ekrandan tanıdığımız qəhrəmanların bugünkü tiplərini bizə göstərir. Göstərir və anladır ki, o gündən bu günə dəyişən yalnız münasibətlərin formatıdır (əgər o da baş veribsə...), məzmun elə həmənkidir...
Bəs nədən yaradıcı kollektiv, ilk növbədə quruluşçu rejissor, Xalq artisti Aleksandr Şarovski bu əsərə müraciət edib? Özündən soruşmasaq da, tamaşanın seyrindən aldığımız cavab budur: artıq klassikləşmiş əsəri rejissor başqa cür gördüyünə və göstərə biləcəyinə, onun bu quruluşda gördüyü və obraza fərqli yanaşacağına inandığı aktyorlar teatrda var ki, “Yuxularımdan çəkil” tamaşası onların sənət karyerasında yaddaqalan ştrixə çevrilsin.
* * *
Quruluşçu rejissor məkan olaraq hava limanının gözləmə salonunu seçib. Səhnənin arxa divarını boyaboy tutan videoinstalyasiyada yazılan reyslər son ünvanı, ləngiyən Riqa-Bakı reysi barədə səhnə arxasından səslənən məlumat tamaşaçını səfər ovqatına kökləyir. Hadisələr davam etdikcə anlayırsan ki, bu səfər ovqatı haqq dünyasına köçə hazırlığın ovqatıdır. Özünlə əməllərindən, xatirələrindən başqa heç nə aparmayacağın əbədi köç. Firəngizlə “bal ayı”ndan qayıdan Zaur reysi gözləyərkən yuxuya gedir və röyasında Təhminəli günlərə qayıdır. Qalan hər şey əsərdən bildiyimiz kimidir: nəşriyyat, tanışlıq, Zaurun ad günü, Təhminənin ekrandan təbriki, Zaurun qızın ardınca getməsi, Mədinənin Zivərin təhqirinə söyüşlə cavab verməsi, Məcidin ürəyinin ağrımağı, Spartakın qazanan oğlan, sədaqətli dost olması, Aliyənin qızını qonşu oğluna sırımaq cəhdinin uğuru, təzə qudaların sözünün çəp gəlməsi, hətta Təhminənin ölümü də. Bildiyimiz kimi olmayan – tamaşanın daşıdığı yükdür, tamaşaçıya ismarışıdır.
Yuxu yuxuluğunda qalsın, röya da çin çıxmağında. Kifayət qədər irəliləmiş, görkəmi ilə, görünüşü ilə XXI əsrin dünyasına, dünyagörüşünə bunca yaxınlaşmış toplumda subay oğlanın özündən bir neçə yaş böyük boşanmış qadına aşiq olması nəyə görə qılınc-qalxanla qarşılansın ki?! Tutaq ki, bu seçimə valideynin fəlakət kimi baxmasını anladıq, bəs sevən oğlan sevgiyə ehtiras, boşanmaya əxlaqsızlıq deyənlərlə sonda niyə razılaşır?..
Bu suallara cavab Anarın əsərində də var, Şarovskinin tamaşasında da. Sadəcə, maddinin mənəvini üstələdiyinə, ən mühüm qərarları sənin əvəzinə böyüklərin çıxardığı fonda “rahat” yaşam seçiminə atanın oğlunun evə qayıdışına avtomobil hədiyyəsindən başqa qabarıq detal yoxdur.
“Yuxularımdan çəkil” tamaşası əslində kişi personajların çoxluğuna baxmayaraq, qadınların tamaşasıdır. Təhminə, Zivər və Aliyə - bucaqlarının biri böyüdükdə ikisi avtomatik kiçilən bərabəryanlı üçbucağa oxşayırlar (Zivərlə Aliyənin hikkəsi Təhminəni kiçildir), Zivər-Aliyə-Firəngiz üçbucağı istənilən kişini ruhsuz varlıq kimi “itirəcək” əsl Bermud üçbucağıdır.
Aleksandr Şarovskinin bu tamaşasını həm də gənclərin tamaşası hesab etmək olar. Tamaşada yaşlı nəslin ifaçıları da cavanlardır. Düzü, Xalq artisti Ayan Mirqasımovanı Zivər, Əməkdar artist Mələk Abbaszadəni Aliyə, Yaqub Zeynalovu Məcid, Rüfət Nəzərovu Murtuz rollarında görmək bu teatrın pərəstişkarlarına “erkən yaşlaşmaq” kimi görünsə də, rejissor düzgün istiqamət tutub: adıçəkilən aktyorlar bu obrazlarla həm gənclik dövründən “orta yuxarı yaş rolları” kateqoriyasına ehmallı keçid edirlər, həm də özlərini bu gün daha çox rast gəlinən valideyn tipini canlandırmaq baxımından sınayırlar. Bununla belə, tamaşanın əsas energetik yükünü daşıyan Zivər ilə Aliyədir ki, görkəminə, fiziki hazırlığına görə gənc qızlardan geri qalmayan hər iki aktrisa - Ayan Mirqasımova və Mələk Abbaszadə öz vəzifələrinin öhdəsindən əla gəlirlər.
Ayan Mirqasımovanın Zivəri kimdir? Çox erkən yaşda, ona firavan ailə həyatı vəd edən sanballı oğlanı “ələ keçirməyi” və özünü ona sevdirməyi bacarmış, evin kişisinin onun sözüylə hərəkət etməsinə nail olmuş, hər fürsətdə zəngin və görmüş xanım maskası taxmağa alışmış, onu özündən çıxaran məqamlar (Təhminəyə zəng vurarkən, Aliyə ilə söz savaşına çıxarkən) yetişməyincə, əsl simasını gizlədən ayıq evdar qadın. Zivərin Zauru Təhminədən qorumaq cəhdinin içindəki qısqanclıq da ikibaşlıdı: bütün məhəbbətini qatdığı tək övladına bəslədiyi analıq hissi və Təhminə kimi üsyankar olmağı bacarmamağın yanğısı. Ayan xanım bu gizli məqamları çox ustalıqla öz jestlərinə, səsinin ahənginə köçürməyə və Zivərin insanlıq parametrlərini çatdırmağa nail olur.
Mələk Abbaszadə öz qəhrəmanını pul qazanan oğlunun fərasəti, zirəkliyi, düşüncədən hissədək hər nəsnədən qoruduğu aydan arı, sudan duru qızının ürkəkliyi ilə öyünən, ilk baxışda xoşbəxt qadın kimi təqdim edir. Onun Aliyəsi qadın-kişi məhəbbətinin nə olduğunu dərk etmədən ailə qurmuş, sonuncu gəlinciyindən ayrılmamış ilk övladını qucağına almış, analıq hissi hipertrofiyaya uğradığından həyat yoldaşına yalnız uşaqların atası kimi baxan qadındır. Zaurgil “bal ayı”ndan qayıdanda yatan-duran gəlincik misallı qızının ailə həyatının bal kimi olmayacağına inananda, Zivərin Murtuza işarə ilə “sən evdə olmayanda ərin mənə zəng vururdu” iddiasını eşidəndə Aliyənin dili açılır. İllərdən bəri qızını bu ailənin gəlini etmək üçün çapalayan mülayim qonşu qadının iç üzü görünür. Çox təəssüf ki, Mələk xanımın bu qəhrəmanı geniş yayılmış tipdir. Televiziyaların sosial yönlü tok-şoularında, boşanma işləri ilə məşğul olan vəkillərin danışdıqları əhvalatlarda aliyələr, zivərlər əsas qəhrəman kimi keçirlər.
Bir-birlərini nə qədər bəyənməsələr də, Zivərlə Aliyəni tək hədəf – Təhminəyə qarşı savaş birləşdirir. Gənc aktrisa Olqa Arsentyeva tamaşa boyu səhnəyə qırmızı geyimdə çıxır. Qırmızı rəng dedikdə ilk yada düşən mübarizə, etiraz olsa da, onun təhlükə anlamı da var. Elə qırmızı donlu Təhminə də Zivər, Aliyə, Firəngiz (onun mübarizlik damarının mövcudluğu şübhə doğursa da) üçlüyünün təmsil etdiyi saxta qadın xoşbəxtliyi düsturu üçün təhlükə mənbəyidir. Olqa Arsentyevanın Təhminəsi o qədər təbiidir ki, tamaşaçı təkcə onun sözlərinin səmimiliyinə deyil, Aliyə-Zivər cəmiyyətinin xor oxuyub rəqs edərək ayaq altına saldığı azadlıq pərvanəsi Təhminənin sarsıntısına, Xalq artisti Brilyant Dadaşovanın oxuduğu “İlk məhəbbət” mahnısını da Olqanın ifa etdiyinə inanır. Aktrisa öz obrazını təkcə sevdiyi üçün yox, onun həyatını səhnədə öz hekayəti kimi yaşadığı üçün bütün emosiyalarını səfərbər edir.
Zaur daha çox serialların yaraşıqlı qəhrəmanı kimi tanınan gənc aktyor İbrahim Çingizin səhnədə ilk böyük roludur. Nəzərə alsaq ki, aktyor son üç ildə, demək olar ki, hər gün çəkiliş zamanı Azərbaycan dilində danışır, teatr səhnəsindəsə rus dilində, bu cəhət onun məsuliyyətini iki dəfə artırır. Mətni təkcə məzmun yox, həm də tələffüz baxımından yadda saxlamaq cəhdi səhnə təcrübəsi çox olmayan aktyorun diqqətini əsərin ideyasından, obrazın daxili aləmini çatdırmaq fikrindən yayındıra bilər.
Nə yaxşı ki, o, bu ikiqat gərginliyin öhdəsindən gələrək qəhrəmanın faciəsini çatdıra bilir. İmkanlı valideynlərin rahat işə qoyduğu (nəşriyyatda coğrafiya-geologiyaya aid elmi kitabların redaktoru), ömrünü maddi əngəlsiz yaşamaq şansı verdiyi, idmançı cüssəli yaraşıqlı oğlanın “ideal adaxlı” üstünlükləri Zauru özünü yaradan, istedadı və biliyindən başqa dayağı olmayan insanların arasında aciz edir.
Ömür boyu vicdanında Təhminə boyda yük, qəlbində Təhminə biçimində həsrət daşımağa məhkum Zaur bu əsərin ən bədbəxt qəhrəmanı, yaxud əsərin obrazlar zəncirinin ən zəif halqasıdır. Hər şeyin hazırına nazir olan “ana uşaqları” əsl məhəbbəti qazanmağa, qazansalar da, yaşatmağa öyrəşməyiblər.
* * *
…Hava limanının gözləmə salonu. Arxası salona əyləşmiş aktyorlar öz səhnələri başlayanda ayağa qalxır, önə çıxır və epizodu oynayırlar. Bu oyun mizanları, tamaşa formatı sonadək davam edir. Əslində, həyatımız belədir. Bir-birinə calanan günlərimiz ruhumuzun uçacağı zamanın gözləntisində azalan zamandır. Həyatında nəyinsə, kiminsə olmadığını, üstəlik, bu boşluqda daha çox özünün günahkar olduğunu anlayanlar heç yuxuda da dinclik tapmırlar. Sən ha “Yuxularımdan çəkil” de, faydası olmaz…
Tamaşaçı salonu belə bir istəklə tərk edir: kaş hər kəsin acı eşq hekayəsi yuxu olaydı. Yuxudan ayılanda da görəydi ki, məhəbbət qələbə çalıb.
Gülcahan MİRMƏMMƏD